BAKI, 10 oktyabr. TELEQRAF

Bizim valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyublar, hərçənd mən dediyim kimi, çeçenlər və azərbaycanlılar əsrlər boyu daim dostluq, anlaşma şəraitində yaşayıblar, bir-birini dəstəkləyiblər.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovla görüşü zamanı deyib.

O daha sonra əlavə edib: "Amma bizim böyük liderlərimiz inkişafın müasir mərhələsində xalqlarımızın daha da yaxınlaşmasında əsas rol oynayıblar. Əhməd Hacı Kadırovun Çeçenistanda, Heydər Əliyevin Azərbaycanda xatirələrinin anılması, həmçinin xalqlarımızın öz ənənələrinə, həyat tərzinə sadiqliyini və müasir inkişafın əsasını qoyanlara ehtiramını nümayiş etdirir.

Sizi bir daha təbrik edirəm. Müşahidələrimə, gördüklərimə və mənə edilən məruzələrə əsasən sizin rəhbərliyinizlə Çeçenistan Respublikasının necə sürətlə inkişaf etdiyini bilirəm. Bu, bizi səmimi-qəlbdən sevindirir. Siz sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi, sosial inkişaf üzrə çox böyük uğurlar qazanmısınız".