BAKI, 10 oktyabr. TELEQRAF

Prezident İlham Əliyevin Türkmənistana səfəri ölkəmizin beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyinin, regional proseslərdə artan rolunun və çoxşaxəli xarici siyasət strategiyasının növbəti mühüm təzahürüdür. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər və aparılan müzakirələr Azərbaycanın MDB və Mərkəzi Asiya məkanında etibarlı tərəfdaş, regional sabitliyin və qarşılıqlı faydalı əməkdaşlığın fəal təşəbbüskarı kimi çıxış etdiyini bir daha nümayiş etdirir.

Bunu Teleqraf-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil, prinsipial və milli maraqlara əsaslanan xarici siyasət kursu Azərbaycanın beynəlxalq nüfuzunu davamlı şəkildə yüksəldir:

“Ölkəmiz regionda baş verən proseslərin strateji əhəmiyyətli təşəbbüslərlə çıxış edən, yeni əməkdaşlıq imkanlarının formalaşmasına mühüm töhfələr verən nüfuzlu dövlətdir. Azərbaycanın Müstəqil Dövlətlər Birliyi çərçivəsində fəaliyyəti də məhz qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və milli maraqların qorunması prinsiplərinə əsaslanır. Ölkəmiz MDB məkanında siyasi dialoqun inkişafına, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə, nəqliyyat, logistika və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi əhəmiyyət verir. Ölkə başçımız Cənab İlham Əliyevin yüksək səviyyəli görüşlərdə iştirakı Azərbaycanın regional əməkdaşlıq proseslərinə konstruktiv yanaşmasının və müstəqil siyasi iradəsinin bariz göstəricisidir.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi ölkəmizin xarici siyasətinin mühüm strateji uğurlarındandır. Bu baxımdan 2025-ci il noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycanın bu platformada tamhüquqlu iştirakı barədə qəbul edilmiş qərar xüsusi tarixi və siyasi əhəmiyyət daşıyır.

Sözügedən qərar Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə strateji tərəfdaşlığının daha da möhkəmlənməsinə, siyasi və iqtisadi əlaqələrin genişlənməsinə, Türk dünyasında inteqrasiya proseslərinin dərinləşməsinə yeni imkanlar açır. Eyni zamanda, bu mühüm hadisə Azərbaycanın Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında etibarlı siyasi, iqtisadi və nəqliyyat körpüsü kimi strateji mövqeyini daha da gücləndirir. Azərbaycanın MDB, Türk Dövlətləri Təşkilatı və Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıq platformalarında fəal iştirakı ölkəmizin regional inteqrasiya proseslərində artan rolunu nümayiş etdirir. Bu əməkdaşlıq formatları müxtəlif coğrafiyaları birləşdirən iqtisadi əlaqələrin genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və ortaq strateji maraqların reallaşdırılmasına xidmət edir. Ölkəmizin əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və həyata keçirilən irimiqyaslı layihələr Azərbaycanın Avrasiya məkanında strateji əhəmiyyətini daha da artırır. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm nəqliyyat və logistika qovşağı kimi Azərbaycan beynəlxalq ticarət marşrutlarının şaxələndirilməsində və regional iqtisadi əlaqələrin inkişafında aparıcı mövqelərdəndir. Bu baxımdan Orta Dəhlizin inkişafı Azərbaycanın regional və qlobal iqtisadi proseslərə verdiyi mühüm töhfələrdəndir. Dövlət rəhbərimjz Cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində formalaşdırılmış müasir nəqliyyat-logistika infrastrukturu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolu şəbəkəsi və digər strateji layihələr Mərkəzi Asiya ilə Avropa arasında etibarlı və səmərəli bağlantıların təmin olunmasına geniş imkanlar yaradır.

Deputat hesab edir ki, Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasında artan rolu da xüsusi əhəmiyyət kəsb edir:
“Ölkəmizin enerji resurslarının beynəlxalq bazarlara etibarlı şəkildə çatdırılması, tranzit imkanlarının genişləndirilməsi və enerji sahəsində strateji tərəfdaşlıqların gücləndirilməsi Azərbaycanın regional və qlobal enerji təhlükəsizliyində mühüm mövqeyini daha da möhkəmləndirir. Ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan beynəlxalq enerji layihələri enerji təchizatının şaxələndirilməsinə, regional əməkdaşlığın genişlənməsinə və yeni iqtisadi tərəfdaşlıqların formalaşmasına xidmət edir. Türkmənistan və Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsi, daşımaların həcminin artırılması istiqamətində əməkdaşlıq ölkəmizin beynəlxalq enerji və nəqliyyat marşrutlarında strateji mövqeyinin daha da möhkəmləndiyini göstərir. Bununla yanaşı, yaşıl enerji sahəsində əməkdaşlığın inkişafı, bərpaolunan enerji potensialından birgə istifadə və yeni enerji bağlantılarının yaradılması Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin perspektivli istiqamətlərini təşkil edir.

Prezident İlham Əliyevin Türkmənistana səfəri çərçivəsində diqqət mərkəzində olan mühüm məsələlərdən biri də Xəzər dənizinin ekoloji vəziyyəti və su səviyyəsinin azalması ilə bağlı ciddi regional çağırışlardır. Xəzər dənizi bütövlükdə regionun ekoloji təhlükəsizliyi, iqtisadi inkişafı və strateji gələcəyi baxımından müstəsna əhəmiyyət daşıyan unikal təbii hövzədir. Son illərdə dənizin su səviyyəsinin sürətlə azalması, geniş ərazilərin quruması, biomüxtəlifliyin və sahilyanı ekosistemlərin təhlükə ilə üzləşməsi problemin miqyasını artırır.

Xəzərin su səviyyəsinin azalması ekoloji, eyni zamanda ciddi iqtisadi və sosial nəticələr doğuran prosesdir. Bu vəziyyət gəmiçiliyə, limanların fəaliyyətinə, nəqliyyat-logistika infrastrukturuna və sahilyanı ərazilərin iqtisadi potensialına mənfi təsir göstərir. Ona görə də mövcud problemin həlli ayrı-ayrı dövlətlərin deyil, bütün Xəzəryanı ölkələrin birgə və əlaqələndirilmiş fəaliyyətini tələb edir.

Dövlət başçımızın bu istiqamətdə nümayiş etdirdiyi təşəbbüskar mövqe Azərbaycanın regional problemlərin həllinə məsuliyyətli yanaşmasının göstəricisidir. Cənab Prezident İlham Əliyev hələ 2022-ci ildə Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında dənizin su səviyyəsinin azalması məsələsini gündəmə gətirmiş, problemin araşdırılması və həlli istiqamətində xüsusi işçi qrupunun yaradılması təşəbbüsünü irəli sürmüşdür.

Xəzərin su balansına təsir edən amillərin kompleks şəkildə araşdırılması mühüm əhəmiyyət kəsb edir. İqlim dəyişiklikləri ilə yanaşı, antropogen təsirlər, çay hövzələrində su ehtiyatlarından istifadə və digər amillər də elmi əsaslarla qiymətləndirilməlidir. Xəzərə daxil olan çay sularının böyük hissəsinin Volqa çayının payına düşməsi bu istiqamətdə regional əməkdaşlığın və elmi tədqiqatların vacibliyini daha da artırır”.

Partiya sədri vurğulayıb ki, Prezident İlham Əliyevin Türkmənistana səfəri Azərbaycan–Türkmənistan münasibətlərinin inkişafı baxımından mühüm siyasi məzmun daşıyır:
“Ortaq tarixi köklərə, milli-mənəvi dəyərlərə və qardaşlıq ənənələrinə əsaslanan ikitərəfli əlaqələr son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoymuşdur. Ən yüksək səviyyədə həyata keçirilən intensiv qarşılıqlı səfərlər, siyasi dialoqun davamlılığı və strateji məsələlər üzrə mövqelərin yaxınlığı Azərbaycanla Türkmənistan arasında formalaşmış yüksək etimad mühitinin göstəricisidir. İqtisadiyyat, enerji, nəqliyyat, tranzit, investisiya və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi hər iki dövlətin milli maraqlarına cavab verir. İki qardaş ölkə arasında münasibətlərin inkişafı ikitərəfli əməkdaşlıq çərçivəsi ilə məhdudlaşmır, bütövlükdə Xəzər regionunda iqtisadi inteqrasiyanın güclənməsinə, Türk dünyasının birliyinin möhkəmlənməsinə və Avrasiya məkanında yeni strateji imkanların yaranmasına mühüm töhfə verir. Dövlətimizin siyasətində sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunması da prioritet istiqamətlərdəndiir. Ölkə rəhbərimizin qətiyyətli siyasi iradəsi və ardıcıl diplomatik fəaliyyəti nəticəsində Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşıb. Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası regionda davamlı sülhün və qarşılıqlı faydalı əməkdaşlığın qurulması üçün yeni imkanlar yaradıb. Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində əldə edilmiş irəliləyişlər, nəqliyyat-kommunikasiya xətlərinin açılması perspektivləri və regional iqtisadi inteqrasiya imkanları Cənubi Qafqazın gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın irəli sürdüyü sülh gündəliyi dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq hüququn fundamental prinsiplərinə hörmətə əsaslanır”.

Günay Ağamalı bildirib ki, bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regional proseslərin istiqamətinin müəyyənləşdirilməsində mühüm rol oynayan nüfuzlu dövlətə çevrildiyinin əyani təzahürüdür:

“Ölkəmizin siyasi sabitliyi, iqtisadi potensialı, müstəqil qərarvermə imkanları və etibarlı tərəfdaş imici beynəlxalq münasibətlər sistemində mövqelərimizin davamlı möhkəmlənməsinə mühüm zəmin yaradır. Prezident İlham Əliyevin Türkmənistana səfəri Azərbaycanın müstəqil və çoxşaxəli xarici siyasətinin uğurlarını, MDB və Mərkəzi Asiya məkanında artan siyasi nüfuzunu, Avrasiyanın nəqliyyat və enerji təhlükəsizliyində strateji rolunu bir daha nümayiş etdirən mühüm diplomatik hadisədir. Adıçəkilən səfər eyni zamanda Azərbaycanın regional əməkdaşlığın genişləndirilməsinə, Xəzər dənizinin ekoloji təhlükəsizliyinin qorunmasına, dövlətlərarası münasibətlərdə qarşılıqlı etimadın möhkəmləndirilməsinə və davamlı sülhün təmin olunmasına verdiyi əhəmiyyətin bariz ifadəsidir.

Prezident İlham Əliyevin uzaqgörən liderliyi, qətiyyətli siyasi iradəsi və milli maraqlara söykənən strateji kursu Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirir, ölkəmizin regional və qlobal proseslərdə söz sahibi olan qüdrətli dövlət kimi nüfuzunu yüksəldir.

Azərbaycan bundan sonra da müstəqil siyasətinə, milli maraqlarına və qarşılıqlı faydalı tərəfdaşlıq prinsiplərinə sadiq qalaraq, Avrasiya məkanında sülhün, sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın təmin olunmasına öz mühüm töhfələrini verəcəkdir”.