BAKI, 10 iyul. TELEQRAF

Nikol Paşinyan bir neçə gün əvvəl Yekaterinburqda rusiyalı həmkarı Mixail Mişustinlə keçirdiyi görüşdə Ermənistan məhsullarının idxalına qoyulan məhdudiyyətlərlə bağlı bir sıra razılaşmaların əldə olunduğunu iddia edib. Onun sözlərinə görə, bu razılaşma açıq, səmimi və dostcasına aparılan müzakirələr nəticəsində baş tutub.

Lakin Paşinyan bu razılaşmaların təfərrüatlarını hazırda açıqlamayacağını, amma hər şeyi insanların özünün görə bilməsi üçün onların gerçəkləşməsini gözləyəcəyini vurğulayıb.

Şübhəsiz ki, Nikol Paşinyanın razılaşmaların məzmununa aydınlıq gətirməməsi ilk növbədə Ermənistanın hazırkı xarici iqtisadi siyasətinin Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Avropa İttifaqının (Aİ) inteqrasiya layihələri arasında artan geosiyasi rəqabət reallığından irəli gəlir. Son illərdə rəsmi İrəvan Aİİ-nin iqtisadi inteqrasiya mexanizmlərində iştirakını qorumağa çalışmaqla yanaşı, eyni zamanda Avropa qurumları ilə əməkdaşlığı genişləndirir və milli qanunvericiliyi Aİ standartlarına uyğunlaşdırır.

Bu yanaşma Ermənistana çoxvektorlu xarici siyasət həyata keçirməyə imkan versə də, əlavə siyasi və iqtisadi risklər yaradır. Bir tərəfdən, Rusiya marşrutu ölkənin xarici ticarəti, enerjisi və logistikası üçün əsas olaraq qalır. Digər tərəfdən isə, rəsmi İrəvan Aİ ilə qarşılıqlı əlaqəyə iqtisadi modernləşmə, investisiya cəlbediciliyinin artırılması və xarici iqtisadi əlaqələrinin şaxələndirilməsi üçün bir vasitə kimi baxır.

Bu baxımdan, Rusiya-Ermənistan iqtisadi əməkdaşlığının mövcud vəziyyətinin təhlili, Ermənistanın Aİ ilə qarşılıqlı əlaqəsinin perspektivlərinin qiymətləndirilməsi və bu iki inteqrasiya modelinin tarazlaşdırılması zərurətindən irəli gələn əsas riskləri müəyyənləşdirmək xüsusi maraq doğurur.

Strateji qarşılıqlı asılılığın saxlanması

Rusiyanın baş naziri Mixail Mişustin erməni həmkarı Nikol Paşinyanla görüşdə Ermənistanda yeni hökumətin formalaşmasından sonra Moskvanın strateji tərəfdaşlığın qorunmasında maraqlı oldğunu bildirib. Ermənistanın baş naziri isə ölkəsinin Aİİ-də iştirakını davam etdirmək niyyətini təsdiqləyib.

Yekaterinburqda baş tutan “İnnoprom-2026” Beynəlxalq Sənaye Sərgisi çərçivəsində görüşən Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan və Rusiyanın sənaye və ticarət naziri Anton Əlixanov sənaye əməkdaşlığının inkişaf perspektivlərini, birgə investisiya layihələrini və ticarət-iqtisadi əlaqələrin daha da genişləndirilməsini müzakirə ediblər.

Müəyyən məsələlərdə davam edən siyasi fikir ayrılıqlarına baxmayaraq, hər iki tərəf qarşılıqlı iqtisadi asılılığın yüksək dərəcəsini çox yaxşı anlayır. Rusiya bazarı Ermənistan üçün ən böyük ixrac istiqamətlərindən biri olaraq qalır və Rusiyanın enerji ehtiyatları Ermənistan iqtisadiyyatında əsas amildir.

İqtisadi diversifikasiya üçün Avropa vektoru

Son vaxtlar İrəvan, eyni zamanda, Aİ ilə də fəal əməkdaşlığı gücləndirməyə önəm verir. Bu prosesdə əsas addım Ermənistanla Aİ arasında qanunvericiliyin və iqtisadi standartların Avropa tələblərinə tədricən uyğunlaşdırılmasını nəzərdə tutan Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin (CEPA) qüvvəyə minməsidir.

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenin İrəvana səfəri Avropa istiqamətinin inkişafına daha da təkan verib. Danışıqlardan sonra Aİ Ermənistan istehsalçıları üçün ticarət güzəştlərini genişləndirmək və enerji riskləri yarandıqda dəstək vermək niyyətində olduğunu açıqlayıb.

Bu təşəbbüslər Ermənistan və Aİ arasında mövcud əməkdaşlıq proqramlarının məntiqi davamı olsa da, ictimai və siyasi müzakirələrdə onlar getdikcə daha dərin inteqrasiyaya doğru mümkün addım kimi qiymətləndirilir.

Bununla belə, Ermənistan rəhbərliyi ölkənin Aİ-yə birbaşa qoşulmasının hazırda praktik gündəmdə olmadığını, daxili islahatların və tədricən Avropa standartlarına yaxınlaşmanın prioritet olduğunu dəfələrlə vurğulayıb.

İki inteqrasiya modeli arasında seçim

Ermənistanın hazırkı xarici iqtisadi siyasətinin üzləşdiyi əsas problemlərdən biri Aİİ daxilində öhdəlikləri ilə Brüssellə əməkdaşlığın inkişafı arasında tarazlıq tapmaq zərurətidir.

Moskva eyni vaxtda iki fərqli inteqrasiya məkanında tam iştirakın hüquqi və iqtisadi ziddiyyətlərlə müşayiət oluna biləcəyini dəfələrlə İrəvanın diqqətinə çatdırıb. Xüsusilə, Rusiya hökumət nümayəndələri Ermənistanın xarici iqtisadi siyasəti dəyişərsə, ticari preferensiyalar rejiminin və enerji əməkdaşlığı şərtlərinin yenidən nəzərdən keçirilməsi ehtimalını vurğulayırlar.

Ermənistan rəhbərliyi, öz növbəsində, çoxvektorlu strategiyanı ardıcıl olaraq tətbiq etməklə “ya, ya da” seçimindən yayınmağa çalışır. Lakin obyektiv iqtisadi şərait İrəvaın manevr imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Hazırda Aİİ-yə üzv dövlətləri ilə müqayisədə Aİ Ermənistanın xarici ticarətində əhəmiyyətli dərəcədə az paya malikdir. Bundan əlavə, Aİ ilə ortaq sərhədin olmaması nəqliyyat xərclərini artırır və Ermənistan məhsullarının Avropa bazarında rəqabət qabiliyyətini azaldır. Əlavə amil Aİ-nin sərt sanitariya, texniki və sertifikatlaşdırma tələbləridir ki, bunların tətbiqi biznesdən əhəmiyyətli maliyyə investisiyaları tələb edir.

Aİ daxilində ticarət münaqişələri

Ermənistan və Rusiya arasında müəyyən kateqoriyalı Ermənistan məhsullarının Rusiya bazarına buraxılması şərtləri ilə bağlı fikir ayrılıqları inteqrasiya mexanizmləri üçün ciddi bir sınağa çevrilib.
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan, ölkəsinin süni ticarət maneələri saydığı məqamların aradan qaldırılması üçün AAİ qanunvericiliyi ilə nəzərdə tutulmuş mübahisələrin həlli mexanizmlərindən istifadə etmək niyyətində olduğunu açıqlayıb. Avrasiya İqtisadi Komissiyasının (AİK) institutlarına müraciət faktı iqtisadi fikir ayrılıqlarının institusional vəziyyətə gəldiyini göstərir.

Lakin Aİİ hüquqi mexanizmlərinin istifadəsi inteqrasiyadan imtina etmək yox, əksinə, mövcud müqavilələr çərçivəsində ortaya çıxan fikir ayrılıqlarını həll etmək istəyindən xəbər verir.

Ermənistan istehsalçıları üçün bu cür məhdudiyyətlər əlavə risklər yaradır, çünki Rusiya bazarı kənd təsərrüfatı və qida məhsullarının satışında əsas rol oynamağa davam edir.

Enerji təhlükəsizliyinin xarici siyasətdə rolu

Qeyd edək ki, enerji əməkdaşlığı Rusiya-Ermənistan münasibətlərində xüsusi yer tutur. Son vaxtlar Rusiyanın neft məhsulları ixracına qoyduğu məhdudiyyətlər bir daha Ermənistanın xarici yanacaq təchizatçılarından yüksək asılılığını nümayiş etdirir. Qazaxıstan və Belarusdan fərqli olaraq, öz neft emalı gücü olmayan Ermənistan demək olar ki, tamamilə idxaldan asılıdır.

Dizel yanacağının əsas hissəsi ənənəvi olaraq Rusiyadan gəlir. Rusiyanın ixrac gücü azalarsa, Ermənistan alternativ təchizat mənbələri axtarmağa məcbur olacaq.
İran, Avropa təchizatçıları və Yaxın Şərq ölkələri potensial təyinat yerləri kimi nəzərdən keçirilsə də, bu təyinat mənbələrinin hər birinin öz məhdudiyyətləri var: sanksiya riskləri, yüksək logistika xərcləri və ya məhdud təchizat həcmləri.

Bu reallıq fonunda Azərbaycanla enerji əməkdaşlığının inkişaf etdirilməsi Ermənistan üçün xüsusi əhəmiyyət kəsb edə bilər. 2025-ci ilin sonlarında Azərbaycanın Ermənistana yanacaq tədarükünə başlaması ilə Cənubi Qafqazda yeni bir logistika marşrutu yaradılıb. Bu marşrut hələ ki, Rusiya həcmlərini tam əvəz edə bilməsə də, Ermənistanın idxal tədarükünün şaxələndirilməsində əlavə element kimi qəbul edilə bilər.

Bu marşrutun inkişafı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və regional nəqliyyat əlaqələrinin açılması layihələrinin həyata keçirilməsi ilə də sıx bağlıdır.

Əlavə inkişaf üçün mümkün ssenarilər

Sadalanan məqamlar ehtimal olunan bir neçə ssenarini müəyyən etməyə imkan verir.

Birincisi, Aİ-yə tam üzvlüyü hələ ki, nəzərdən keçirməyən Ermənistan Brüssellə əməkdaşlığı genişləndirməklə yanaşı, eyni zamanda Aİİ-də iştirakını davam etdirəcəyi mövcud çoxvektorlu siyasət modelinin qorunub saxlanılmasını nəzərdə tutur.

İkinci ssenari, Rusiya ilə praqmatik iqtisadi münasibətləri qorumaqla İrəvan Avropa trayektoriyasını tədricən gücləndirməyə çalışır. Bu seçim istehsalın modernləşdirilməsi, logistikanın inkişafı və Ermənistan ixracının rəqabət qabiliyyətinin artırılması üçün əhəmiyyətli investisiyalar tələb edəcək.

Üçüncü ssenari, inteqrasiya birlikləri arasında münasibətlərin əhəmiyyətli dərəcədə pisləşməsini nəzərdə tutur ki, bu da İrəvanı daha aydın strateji seçim etmək məcburiyyəti qarşısında qoyacaq. Ən riskli olan bu ssenaridə, Ermənistan əlavə iqtisadi itkilər və milli iqtisadiyyatın dayanıqlığının zəifləməsi isə üzləşə bilər.

Beləliklə, Ermənistanın hazırkı xarici iqtisadi siyasətinin həm iqtisadi, həm də geosiyasi amillər tərəfindən formalaşdığı sübuta yetir. Xarici əlaqələri şaxələndirmək istəyi dövlətin uzunmüddətli maraqlarına uyğun olsa da, obyektiv məhdudiyyətlər - xarici ticarətin strukturu, logistika, enerji asılılığı və regional təhlükəsizlik - xarici iqtisadi siyasətdə köklü dəyişikliklər üçün imkanları əhəmiyyətli dərəcədə məhdudlaşdırır.

Sahil İsgəndərov, politoloq