BAKI, 1 may. TELEQRAF

Qazaxıstan Nəqliyyat Nazirliyi Aktau Hava Limanı yaxınlığında AZAL aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir.

Teleqraf xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, qəza ilə bağlı istintaq komissiyası hazırda Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 13-cü Əlavəsində müəyyən edilmiş standartlara və tövsiyə olunan təcrübələrə uyğun olaraq işini davam etdirir.

Məlumata görə, araşdırma başa çatdıqdan sonra yekun hesabat Qazaxıstan Nəqliyyat Nazirliyinin rəsmi saytında dərc olunacaq.

Nazirlik bildirib ki, hesabatda qəzanın müəyyən edilmiş səbəbləri, eləcə də komissiyanın nəticələri və tövsiyələri əks olunacaq.

Qeyd edək ki, 2024-cü il dekabrın 25-də AZAL-ın Bakıdan Qroznıya uçan "Embraer" təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, üç uşaq da daxil olmaqla 29 nəfər sağ qalıb.