Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 17-də Türkiyənin Antalya şəhərində keçirilən 5-ci Antalya Diplomatiya Forumunun açılış mərasimində iştirakı ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyinin güclənməsinin, qlobal dialoqa verdiyi töhfələrin və artan nüfuzunun bariz göstəricisidir. Dövlətimizin başçısının bu mötəbər tədbirə dəvət olunması, eyni zamanda, Azərbaycanın çoxtərəfli diplomatiyaya sadiqliyini və beynəlxalq əməkdaşlıq təşəbbüslərində fəal rolunu bir daha nümayiş etdirir.
Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Antalya şəhərində keçirilən 5-ci Antalya Diplomatiya Forumunda iştirakı xüsusi siyasi və diplomatik məna daşıyır:
“Bu fakt təkcə iki qardaş ölkə arasında mövcud olan strateji müttəfiqliyin deyil, həm də Azərbaycan liderinə göstərilən yüksək hörmət və etimadın ifadəsidir. Bu gün Azərbaycan lideri dünya miqyasında keçirilən ən mühüm siyasi və iqtisadi platformalara mütəmadi olaraq dəvət olunur. Bu isə onun prinsipial mövqeyinin, praqmatik siyasətinin və beynəlxalq nüfuzunun artmasının məntiqi nəticəsidir”.
.jpg)
Deputat bildirib ki, builki forumda 150-dən çox ölkədən nümayəndə heyətlərinin iştirakı, o cümlədən 22 dövlət və hökumət başçısı, 14 dövlət və hökumət başçısının müavini, 39-u xarici işlər naziri olmaqla 50-dən artıq nazir və 75 beynəlxalq təşkilat nümayəndəsinin qatılması tədbirin əhatə dairəsinin genişliyini və nüfuzunu bir daha təsdiqləyir:
“Ümumilikdə 500-dən çox yüksəksəviyyəli iştirakçının bir araya gəldiyi bu platforma qlobal problemlərin müzakirəsi üçün mühüm imkanlar yaratdı. Forum çərçivəsində aparılan müzakirələr müasir dünyanın üzləşdiyi əsas problemləri – beynəlxalq təhlükəsizlik, regional münaqişələr, enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri və dayanıqlı inkişaf məsələlərini əhatə edib. Bu kontekstdə Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursu beynəlxalq tərəfdaşlar tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan irimiqyaslı enerji və nəqliyyat layihələri ölkəmizin strateji əhəmiyyətini daha da artırıb. Xüsusilə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rol, alternativ enerji mənbələrinin təmin olunmasında etibarlı tərəfdaş kimi çıxış etməsi ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirib. Bu gün Azərbaycan təkcə enerji ixrac edən ölkə deyil, həm də mühüm nəqliyyat-logistika qovşağı kimi çıxış edir”.
Səbinə Salmanova vurğulayıb ki, Prezident İlham Əliyevin forum çərçivəsindəbir sıra ölkələrin dövlət başçıları ilə keçirdiyi görüşlər Azərbaycanın regional və qlobal proseslərdə fəal iştirak etdiyini bir daha təsdiqləyir:
“Dövlətimizin başçısının ardıcıl və prinsipial siyasəti nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, sözünə və öhdəliklərinə sadiq ölkə kimi tanınır. Azərbaycan-Türkiyə münasibətləri isə bu kontekstdə xüsusi vurğulanmalıdır. “Bir millət, iki dövlət” prinsipi əsasında qurulan bu əlaqələr yalnız iki ölkənin deyil, bütövlükdə regionun inkişafına və sabitliyinə xidmət edir. Türkiyənin təşəbbüsü ilə keçirilən belə mötəbər forumda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı iki ölkə arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı etimadın göstəricisidir. Eyni zamanda, Antalya Diplomatiya Forumu kimi platformalar beynəlxalq əməkdaşlığın genişləndirilməsi, dövlətlər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi və qlobal problemlərin həlli istiqamətində ortaq yanaşmaların formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan isə bu proseslərdə təşəbbüskar və fəal iştirakçı kimi çıxış edərək sülhə, sabitliyə və davamlı inkişafa töhfə verir”.