BAKI, 17 aprel. TELEQRAF
Ermənistan ABŞ-dakı tərəfdaşlarla birlikdə multimodal (dəmir yolu, avtomobil yolları və enerji xətləri kimi müxtəlif nəqliyyat və ötürmə sistemlərini birləşdirən) bağlantı layihələrinə töhfə verəcək.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel sessiyada deyib.
O bildirib ki, bu çərçivədə həm dəmir yolları, həm avtomobil yolları, həm də enerji marşrutları və boru kəmərləri üzrə əməkdaşlıq planlaşdırılır və digər tərəflər də bu prosesə dəstək verəcək:
"Bu görüşdə üç əsas layihədən bəhs olunur. Bu layihələr iştirakçı ölkələrin öz maraqlarına da xidmət edir. Xüsusilə enerji təchizatının şaxələndirilməsi vacib sayılır və Ermənistanın enerji sahəsində tranzit mərkəzə (hub-a) çevrilmək istədiyi qeyd edilir. Məqsəd Orta Asiya və Azərbaycandan Avropaya gedən enerji marşrutlarında əsas keçid nöqtələrindən biri olmaqdır.
Digər bir mövzu isə dənizaltı enerji layihəsidir. Qeyd olunur ki, Ermənistan Cənubi Qafqazda yaşıl enerji istehsalında aparıcı ölkələrdən biridir. Bununla yanaşı, Azərbaycan və Gürcüstan da bərpa olunan enerji, xüsusilə günəş enerjisi sahəsində böyük investisiyalar edir və yeni nüvə enerji layihələri üzərində işləyir.
Avropa İttifaqı ilə əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanır. Bu əməkdaşlıq təkcə iqtisadi deyil, həm də siyasi və inteqrasiya baxımından önəmlidir. Ermənistanın Avropaya inteqrasiya olmaq istəyi və bu istiqamətdə addımlar atdığı qeyd olunur. Gürcüstanın da oxşar Avropa vizyonuna malik olduğu və bu baxışın dəstəkləndiyi bildirilir".