BAKI, 17 aprel. TELEQRAF
“Hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə razılıq verilməsi Qaydası” təsdiq edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bu qayda hava limanları və aerodromların təhlükəsizlik zonaları daxilində tikintisinə icazə tələb olunan binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə mülki aviasiyaya münasibətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi, dövlət aviasiyasına münasibətdə isə Müdafiə Nazirliyi (bundan sonra – aidiyyəti qurumlar) tərəfindən razılıq verilməsinə dair tələbləri müəyyən edir.
Hava gəmilərinin uçuşlarının təhlükəsizliyi məqsədilə sertifikatlaşdırılmış hava limanlarının (və ya aerodromların), o cümlədən yeni hava limanlarının (və ya aerodromların) istismarçıları tərəfindən hava limanları və aerodromların təhlükəsizlik zonasını müəyyən edən maneə sxemləri (xəritələr) hazırlanır. Maneə sxemləri hazırlandıqdan sonra təsdiq edilməsi üçün 5 (beş) gün müddətində aidiyyəti qurumlara təqdim edilir.
Aidiyyəti qurumlar tərəfindən təsdiq edilmiş maneə sxemləri (xəritələri) Bakı şəhəri və “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati əraziləri üzrə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, digər inzibati ərazi vahidləri üzrə yerli icra hakimiyyət orqanlarına, həmçinin Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentliyə bu Qaydanın 3.1-ci bəndində göstərilən sorğunun göndərilməsinin təmini üçün təqdim edilir.
Sertifikatlaşdırılmış hava limanlarında (və ya aerodromlarda) dəyişikliklər olduğu halda təsdiqlənmiş maneə sxemlərinə (xəritələrinə) dair dəyişikliklər bu Qaydanın 1.3-cü bəndinə uyğun olaraq aparılır.