BAKI, 17 aprel. TELEQRAF

Azərbaycan regional layihələrin icrasını və qonşu ölkələrlə əməkdaşlıq modellərinin inkişafını prioritet hesab edir.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Dəyişən dünyada regional sahibliyin rolu" mövzusunda panel sessiyada çıxışı zamanı bildirib.

Prezidentin köməkçisi ölkəmizin coğrafi üstünlüklərindən və kommunikasiya imkanlarından bəhs edərək deyib: "Azərbaycan əsasən quru sərhədləri olan ölkə olsa da, Xəzər dənizinə çıxışımız var. Hazırda Türkiyə, Gürcüstan və Azərbaycan arasındakı əməkdaşlıq çərçivəsində fərqli modellər hazırlayırıq. Eyni zamanda, Zəngəzur dəhlizi layihəmiz vasitəsilə Mərkəzi Asiya ilə də əlaqə təmin ediləcək".

H.Hacıyev "regiona sahib çıxmaq" konsepsiyasının mahiyyətinə də aydınlıq gətirib: "Regionumuza sahib olmaq" dedikdə nəyi nəzərdə tutduğumuz səhv başa düşülməməlidir. Burada söhbət bölgəni təcrid etməkdən deyil, əksinə, onu açıq ünsiyyət və geniş əməkdaşlıq platforması kimi görməkdən gedir".