BAKI, 17 aprel. TELEQRAF
“Ermənistanın yeni Konstitusiyasının mətni hazırdır, amma hələlik ictimai müzakirə üçün yox”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Srbui Qalyan jurnalistlərlə söhbətində deyib.
Nazir yeni Konstitusiya mətninin niyə açıqlanmadığı barədə suala belə cavab verib:
“Mətn ictimai müzakirə üçün hazır olanda açıqlanacaq. Bu baxımdan hələ açıqlanmağa hazır deyil. Onun ictimaiyyətə təqdim olunmağa hazır olub-olmadığına biz qərar veririk. Amma ümumilikdə deyə bilərəm ki, mətn hazırdır, müzakirə edirik, nə vaxt açıqlanacağına qərar veriləcək”.
Srbuhi Qalyan əlavə edib ki, mətnin hissə-hissə dərc olunması variantı da müzakirə edilib, amma hələ qərar yoxdur.
Ədliyyə nazirinin sözlərinə görə, Konstitusiyanın preambulası üçün bir neçə variant mövcuddur.
Həmin variantlarda Azərbaycana qarşı ərazi iddiasının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadın olub-olmaması sualına isə Qalyanın cavabı belə olub:
“Mətn hələ dərc olunmayıb, dərc olunanda özünüz görəcəksiniz”.