BAKI, 17 aprel. TELEQRAF

"Bölgənin problemlərini yalnız regional tərəfdaşların birgə səyləri ilə həll etmək mümkündür".

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Dəyişən dünyada regional sahibliyin rolu" mövzusunda keçirilən panel sessiyada bildirib.

Rəsmi Azərbaycanın bölgədə nizamın region ölkələri tərəfindən qurulmalı olduğu mövqeyini dəstəklədiyini deyib:

"Digərləri bizim üçün gündəm yaratmamalıdır. Ortaq məsuliyyətlər var. Bölgəmizdə çoxlu qardaş ölkələr var, inteqrasiya mütləq olmalıdır".

Hikmət Hacıyev əlavə edib ki, ikitərəfli münasibətlər bölgədə əsas yer tutsa da, üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər:

"Türkiyə-Azərbaycan münasibətləri bu baxımdan önəmli yerdədir. Bu əlaqələr Şuşa Bəyannaməsi ilə daha da möhkəmlənib. Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-İran münasibətlərini də bura daxil edə bilərik".

Enerji təhlükəsizliyi məsələsinə də toxunan H.Hacıyev Azərbaycanın Xəzər dənizindəki karbohidrogen resurslarını bütün regionun rifahı üçün istifadə etmək niyyətində olduğunu bildirib:

"Biz enerji imkanlarımızı region ölkələrinin maraqlarına xidmət edəcək şəkildə təqdim edirik. Bu cür təşəbbüslərlə bölgələrarası rifahı təmin etmək mümkündür".