BAKI, 16 aprel. TELEQRAF
Orta Şərqdə gərginliyin artdığı və beynəlxalq normaların sarsıldığı bir dövrdə, XIII Qlobal Bakı Forumu sülh və sabitlik naminə mühüm dialoq platformasına çevrilib.
Teleqraf xəbər verir ki, bu cür qiymətləndirmələr ingilisdilli "Global Times" nəşrinin Çin Kommunikasiya Universitetinin Beynəlxalq və Regional Kommunikasiya Araşdırmaları Akademiyası ilə birgə hazırladığı analitik materialda yer alıb.
Materialın müəllifi bu il Bakı Forumunda iştirak edən Çin və Qloballaşma Mərkəzinin (CCG) həmtəsisçisi və baş katibi Meybl Myao Ludur.
M. Myao Lu bildirib ki, forumun gedişatında birtərəfli zorakılığa müqavimət, bloklararası qarşıdurmaya etiraz və beynəlxalq asayişin rasionallığa qayıtması əsas çağırışlar kimi səslənib.
Beynəlxalq təşkilatların rəsmiləri ilə aparılan müzakirələrdə Birləşmiş Millətlər Təşkilatının (BMT) islahatlara ehtiyacı olsa da, onun hələ də siyasi sivilizasiyanın mühüm nailiyyəti olduğu bildirilib.
Vurğulanıb ki, BMT-nin nüfuzunun qorunması kiçik və orta dövlətlərin böyük güclərin təzyiqindən müdafiə olunması üçün zəruridir.
Bu ilki forumun ən mühüm yeniliklərindən biri Çin tərəfindən irəli sürülən Qlobal İdarəetmə Təşəbbüsünün (GGI) əsas panel müzakirələrinə daxil edilməsi olub.
CCG rəhbərinin müşahidələrinə görə, müxtəlif ölkələrin nümayəndələri Çinin son onilliklər ərzində heç bir müharibədə iştirak etməməsini və ardıcıl olaraq sülh qurucusu kimi çıxış etməsini yüksək qiymətləndiriblər:
“Bu, Çinin qlobal idarəetmədəki mövqeyinin "passiv müdafiə"dən "aktiv liderlik" müstəvisinə keçdiyini sübut edir”.
Meybl Myao Lu qeyd edib ki, Qərb dövlətlərindəki siyasi qütbləşmə və seçki dövrlərindəki qeyri-sabitlik fonunda, Çinin uzunmüddətli inkişaf planı qlobal iqtisadiyyat və təhlükəsizlik üçün mühüm bir "müəyyənlik" amili kimi xarakterizə olunur.