BAKI, 15 aprel. TELEQRAF

Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyəti gələn həftə keçiriləcək Avropa İttifaqının Xarici Əlaqələr Şurasının iclasının gündəliyində yer alacaq.

Teleqraf xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Oana-Silvia Țoiu sosial media hesabında paylaşım edib.

O, bu gün azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı apardığını bildirib.

Telefon danışığı zamanı Rumıniya-Azərbaycan strateji tərəfdaşlığının möhkəmliyi bir daha təsdiq edilib, bütün sahələr üzrə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi yolları müzakirə olunub.

Tərəflər bu ilin sonunda Rumıniyada keçiriləcək Müştərək Hökumətlərarası Komissiyanın iclasına hazırlıq prosesini dəstəklədiklərini bildiriblər.

Qeyd edilib ki, iclasın gündəliyində enerji məsələləri prioritet təşkil edəcək. Nazirlər həmçinin nəqliyyat əlaqələrinə və Qara dəniz – Xəzər dənizi Nəqliyyat Dəhlizinin mühüm roluna toxunublar.

Söhbət zamanı Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətinin əsas aspektləri barədə fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, bu mövzu gələn həftə keçiriləcək Avropa İttifaqının Xarici Əlaqələr Şurasının iclasının gündəliyində yer alacaq.