BAKI, 17 aprel. TELEQRAF

Aprelin 16-da paytaxt Brazzavil şəhərində Konqonun yenidən seçilən Prezidenti Deni Sassu-Nqessonun andiçmə mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Keniyadakı səfirliyi məlumat yayıb.

Prezident Deni Sassu-Nqessonun andiçmə mərasimində ölkəmizin Keniyadakı, eyni zamanda, iqamətgahı Nayrobi şəhərində olmaqla Konqodakı səfiri Sultan Hacıyev iştirak edib.

Afrikanın 10-dan çox dövlət və hökumət başçısının, eləcə də bir çox dünya liderinin nümayəndələrinin iştirak etdiyi andiçmə mərasimi çərçivəsində səfir Sultan Hacıyev Prezident Deni Sassu-Nqessoya Azərbaycanın Prezidenti İlham Əliyevin təbrikini və səmimi salamlarını çatdırıb. Ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin daha da inkişafına inamını ifadə edib.

Konqo Prezidenti onun da dərin ehtiramını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib. Azərbaycan Hökumətinin bu mərasimdə təmsil olunmasına görə səfirə təşəkkür edib, həmçinin ölkəsi ilə Azərbaycan arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Səfər çərçivəsində səfir Sultan Hacıyevin Konqonun xarici işlər, frankofoniya və xaricdə yaşayan konqolularla iş üzrə naziri Jan Klod Qakosso, nazir müavini Güi Nestor İtua ilə keçirdiyi görüşlərdə ikitərəfli əlaqələrin genişləndirilməsi və beynəlxalq platformalarda qarşılıqlı dəstək imkanları ilə bağlı müzakirə aparılıb. Səfir həmsöhbətlərinə WUF13-ə hazırlıq işləri barədə qısa məlumat verib və Forum tarixində Azərbaycanın təşəbbüsü ilə ilk dəfə keçiriləcək Zirvə Toplantısında Afrika ölkələrinin dövlət və hökumət başçılarının iştirakının qitə üçün əhəmiyyətli olacağını vurğulayıb.

Qeyd edək ki, Prezident Deni Sassu-Nqessonun andiçmə zamanı ölkənin yeni inkişaf planı ilə bağlı səsləndirdiyi proqramda ölkənin əsas dəniz limanı və sənaye mərkəzi Port-Nuar şəhərinin urban və infrastruktur inkişafının əsas prioritetlərdən biri olduğunu vurğulayıb.