BAKI, 17 aprel. TELEQRAF
"Azərbaycan və Ermənistan arasında sülh bərqərar olub, münaqişə artıq geridə qalıb".
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Dəyişən dünyada regional sahibliyin rolu" mövzusunda panel sessiyada çıxışı zamanı bildirib.
O qeyd edib ki, Azərbaycan özünəməxsus təşəbbüslərlə - həm demokratik, həm də hərbi yollarla suverenliyini təmin edib: "Biz bölgəyə sülhü geri qaytardıq. İki ölkə ABŞ-nin vasitəçiliyi ilə bir araya gələrək sülh sazişinə nail olub".
H.Hacıyev vurğulayıb ki, 30 il ərzində kənar güclər regiona müxtəlif həll variantları diktə etməyə çalışsalar da, regional liderlik və məsuliyyət hissi ən doğru həll yolunu tapmağa imkan verib: "Biz məhz bunu etdik və münaqişəyə son qoyduq. Artıq Cənubi Qafqaz dinc və sülh şəraitində yaşayan regiondur".