ZƏNGİLAN, 16 aprel. TELEQRAF
"Azərbaycan Rusiya ilə münasibətlərdə mehriban qonşuluq, qarşılıqlı anlaşma və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqdir".
Teleqraf-ın Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev bu gün Zəngilanda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.
Baş nazirin müavini vurğulayıb ki, iki ölkə arasındakı ikitərəfli əməkdaşlığın inamlı inkişafı dövlət başçılarının - Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin ardıcıl siyasi iradəsi və strateji kursu ilə müəyyən edilir.
Ş.Mustafayev qeyd edib ki, Azərbaycan və Rusiya münasibətləri 2022-ci ilin Bəyannaməsinə uyğun olaraq dostluq, qarşılıqlı etimad və müttəfiqlik ruhunda inkişaf etməkdə davam edəcək:
“Düşənbə görüşü ikitərəfli əməkdaşlıqda yeni səhifə açaraq gələcək prioritetləri müəyyən etdi. Ali səviyyəli təmasların müntəzəm xarakter daşıması tərəflərin qarşılıqlı faydalı tərəfdaşlığın möhkəmləndirilməsində maraqlı olduğunu bir daha təsdiqləyir".