BAKI, 17 aprel. TELEQRAF

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi Livanda atəşkəs rejiminin tətbiqini alqışlayıb.

Teleqraf xəbər verir ki, o, atəşkəsin əldə olunmasına göstərdiyi dəstəyə görə Pakistana təşəkkür edib. Nazirlik nümayəndəsi qeyd edib ki, Livanda atəşkəs İran ilə ABŞ arasında əldə olunan razılaşmanın şərtlərindən biri olub.

Məlumata görə, İran XİN Livanda həlak olanların ailələrinə başsağlığı verib, həmçinin İsraili ölkənin cənubundan qoşunlarını çıxarmağa və beynəlxalq ictimaiyyətin dəstəyi ilə zərər çəkmiş ərazilərin bərpasına çağırıb.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp İsrail və Livanın 10 günlük atəşkəs rejimi tətbiq edəcəyini açıqlayıb. Onun sözlərinə görə, bu razılaşma iki ölkə arasında davamlı sülhə gətirib çıxara bilər. ABŞ lideri yaxın günlərdə İsrailin baş naziri Binyamin Netanyahu və Livan prezidenti Cozef Aunu Ağ evdə sülh danışıqları üçün görüşə dəvət etdiyini bildirib.