BAKI, 24 fevral. TELEQRAF
“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin saxlanma xərclərinin (o cümlədən təmsilçilik xərclərinin) norma və ödəniş qaydaları”na dəyişiklik edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, xarici ölkədəki nümayəndələr və onların ailə üzvlərindən xidməti zərurətlə bağlı, həmçinin növbəti məzuniyyət zamanı müxtəlif tipli tibbi arayışlar və tibbi test nəticələri tələb olunduqda xərclər təsdiqedici sənədlər əsasında xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər hesabına ödənilir.
Xarici ölkədəki nümayəndələr xidməti zərurətlə bağlı üçüncü dövlətə ezamiyyətə göndərildikdə, ezamiyyət müddətinin günlərinə uyğun əlavə səyahət sığortası tələb olunduqda xərclər təsdiqedici sənədlər əsasında xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər hesabına ödənilir.
Xarici ölkədəki nümayəndəyə onunla birlikdə yaşayan 18 yaşına çatmamış uşaqlarına və övladlığa götürdüyü şəxslərə görə onun dövlət məvacibinə fərqləndirici əmsal tətbiq edildikdən sonra alınan məbləğin 2 (iki) faizi həcmində bu Qaydaların 1.4-cü bəndi nəzərə alınmaqla aylıq müavinət ödənilir.
Xidmət dövründə xarici ölkələrdəki nümayəndələr və onlarla birlikdə yaşayan ailə üzvləri Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələrlə müəyyən olunmuş güzəştlərdən, imtiyazlardan və immunitetlərdən istifadə edirlər.
Həmçinin bu qaydaların 2.7. 4-cü hissəsi, 6.3-cü və 7.6-cı bəndlər yeni redaksiyada verilib:
“4. Nəqliyyat və yüklərin daşınması xərcləri
4.1. Xarici ölkələrə nümayəndə təyin olunduqda və geri çağırıldıqda, habelə xidmətinə xitam verildikdə xidmət keçdiyi dövlətə və onun müvafiq şəhərinə getmək və Azərbaycan Respublikasına qayıtmaqla əlaqədar tutduğu vəzifə və ailə üzvlərinin sayı nəzərə alınmaqla nəqliyyat xərcləri (onların xarici dövlətlərdə yaşadıqları ünvandan limana (vağzala) kimi olan nəqliyyat xərcləri də daxil olmaqla), habelə yüklərin daşınması xərcləri (ailə üzvlərinin hər biri üçün 80 kq-dək, yükün ümumi çəkisi 240 kq-dan artıq olmamaqla) bu məqsədlər üçün xərclər smetasında nəzərdə tutulmuş vəsaitlər hesabına müvafiq təsdiqedici sənədlər əsasında ödənilir.
4.2. Xarici ölkədəki nümayəndələrə verilən növbəti məzuniyyətlə əlaqədar onların və ailə üzvlərinin, habelə xarici ölkədəki nümayəndələrin növbəti məzuniyyətə çıxıbçıxmamasından asılı olmayaraq, onların ailə üzvlərinin ildə 1 (bir) dəfə Azərbaycan Respublikasına gəlmək və xarici ölkədəki nümayəndələrin xidmət keçdiyi dövlətə və onun müvafiq şəhərinə qayıtmaq həddində nəqliyyat xərcləri, həmçinin ailə üzvünün (üzvlərinin) ölümü ilə əlaqədar xarici ölkədəki nümayəndələrin, onların ailə üzvlərinin Azərbaycan Respublikasına gəlməsi və xidmət keçdiyi dövlətə qayıtması ilə bağlı nəqliyyat xərcləri bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilir".
6.3. Təhsil xərcləri bu Qaydaların 6.2-ci bəndində nəzərdə tutulmuş normadan yuxarı olduğu təqdirdə, həmin fərq nümayəndənin şəxsi vəsaiti hesabına ödənilir.”; 3 “7.6. Xarici ölkələrdəki nümayəndələrin xaricdə xidmət etdikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasına gətirilməsinə görə gömrük ödənişləri tutulmur.