BAKI, 18 iyun. TELEQRAF
Azərbaycan yaxın illərdə həm ərzaq təhlükəsizliyi, həm də bərpa olunan enerji sahəsində irimiqyaslı və strateji hədəflərə nail olmağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib.
Aqrar sahədəki hədəflərdən danışan dövlət başçısı bildirib:
“Kənd təsərrüfatının inkişafı ilə bağlı bu yaxınlarda qəbul edilmiş dövlət proqramı ilə ərzaq təhlükəsizliyi sahəsindəki planlarımız çox aydındır. Əsas istehlak məhsulları üzrə maksimum özünütəminetməyə nail olmağı planlaşdırırıq. Bizə kanalların və su anbarlarının tikintisi ilə suvarmada kömək etdiyinə görə İslam İnkişaf Bankına minnətdaram. Fermerlərə suya çıxış əldə etməyə və məhsullarının daha çox məhsuldarlığına malik olmağa imkan verəcək”.
Prezident İlham Əliyev Azərbaycanın yaşıl enerji sahəsindəki nəhəng potensialını və real müqavilələrin statusunu da açıqlayıb:
“Bərpa olunan enerji böyük bir potensialdır. Beynəlxalq və yerli şirkətlərlə artıq imzalanmış müqavilələr 2032-ci ilə qədər bizi minimum 8 giqavatlıq günəş və külək enerjisi ilə təmin edəcək. Bu hələ minimumdur. Bunlar artıq imzalanmış müqavilələrdir, lakin gələcəkdə daha çox olacaq”.
Dövlət başçısı istehsal ediləcək yaşıl enerjinin böyük hissəsinin ixrac ediləcəyini vurğulayıb:
“İndi biz ixrac etmək üçün ötürücü xətlər üzərində işləyirik, çünki dediyim qədər enerjinin hamısına daxildə ehtiyacımız olmayacaq. Yəni enerjiyə ehtiyacı olan istiqamətlərə ötürücü xətlər çəkiləcək və bu, ilk növbədə, mütləq Avropadır. Çünki hər kəs bilir ki, onların uzun illər boyu elektrik enerjisinə ehtiyacı olacaq. Beləliklə, bütün bunlar bizim strateji prioritet planlarımızdadır”.