BAKI, 18 iyun. TELEQRAF
Azərbaycan 30 illik işğal planlarını alt-üst edərək öz gücü sayəsində ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, regionda yeni sülh reallığı yaradıb.
Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib.
Azərbaycanın tarixi qələbələrini şərh edən dövlət başçısı bildirib:
“Biz bu planları dəyişdik. 2020-ci il Vətən Müharibəsi 44 gün çəkdi və Ermənistanın kapitulyasiyası ilə başa çatdı. Biz işğal olunmuş ərazilərin böyük hissəsini azad etdik. Sonra 2023-cü ildə biz yekun nöqtəni qoyduq, tam yekun nöqtəni. Və indi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub, bu reallıq bütün dünya tərəfindən qəbul edilir”.
Prezident İlham Əliyev rəsmi Bakının qalib tərəf olmasına baxmayaraq, bölgədə sabitliyin tərəfdarı kimi çıxış etdiyini vurğulayıb:
“Bundan sonra biz Ermənistana sülh təklif etdik. Biz – qalib gələn, işğaldan və dağıntılardan əziyyət çəkən ölkə və xalq onlara sülh təklif etdik. İndi bu sülh var. Beləliklə, artıq demək olar ki, bir ildir biz sülh şəraitində yaşayırıq və bunun faydalarını görürük”.
İşğal dövründə törədilən vandallıqların heç vaxt yaddaşlardan silinməyəcəyini deyən dövlət başçısı, erməni tərəfinin müsəlman dünyasının hisslərini təhqir etdiyini xatırladıb:
“Biz erməni işğalçı qüvvələrinin xalqımıza, şəhərlərimizə nələr etdiyini heç vaxt unutmayacağıq. Onların 65 məscidi necə dağıtdıqlarını və hisslərimizi təhqir etmək üçün məscidlərimizdə heyvanları, o cümlədən donuzları necə saxladıqlarını heç vaxt unutmayacağıq. Bu, unudula bilməz. Xocalı soyqırımını heç vaxt unutmayacağıq. Biz qisasımızı döyüş meydanında aldıq. Bu kifayətdir. O müharibə və ya müharibələr dayanmalı idi və biz bunu dayandırdıq. Güclü tərəf kimi biz bunu dayandırdıq və sülh təklif etdik, ona görə də indi sülh reallıqdır”.