BAKI, 19 iyun. TELEQRAF
"Prezident İlham Əliyevin İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısında səsləndirdiyi fikirlər Azərbaycanın son illərdə keçdiyi inkişaf yolunun, beynəlxalq nüfuzunun və gələcək strateji hədəflərinin kompleks təqdimatı kimi qiymətləndirilə bilər".
Bunu Teleqraf-a açıqlamasında Mİlli Məclisin deputatı Mehriban Vəliyeva deyib.
Onun sözlərinə görə, çıxışda diqqət çəkən əsas məqamlar ölkənin siyasi sabitliyi, iqtisadi dayanıqlılığı, enerji təhlükəsizliyinə töhfəsi və regional əməkdaşlıq təşəbbüsləri ilə bağlı idi.
"Azərbaycanın ikinci dəfə İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına ev sahibliyi etməsi ölkənin beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir. Son illərdə COP29, Ümumdünya Şəhərsalma Forumu və digər nüfuzlu tədbirlərin Azərbaycanda keçirilməsi ölkənin diplomatik imkanlarının və təşkilatçılıq potensialının yüksək səviyyədə qiymətləndirildiyini təsdiqləyir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və Qoşulmama Hərəkatına sədrlik dövründə qazandığı beynəlxalq dəstək ölkənin balanslaşdırılmış xarici siyasət kursunun uğurlu nəticəsi kimi dəyərləndirilir", - deyə M.Vəliyeva qeyd edib.
Deputat vurğulayıb ki, bu gün Azərbaycan müxtəlif siyasi və iqtisadi platformalarda dialoq və əməkdaşlıq təşviq edən ölkələr sırasında önəmli yer tutur: "Cənab Prezidentin vurğuladığı kimi, siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın inkişaf modelinin əsas sütunlarından biridir. Müstəqillik dövrünün böyük hissəsində ölkədə sabit idarəetmə sisteminin formalaşması uzunmüddətli iqtisadi strategiyaların ardıcıl həyata keçirilməsinə imkan yaradıb. Məhz sabitlik nəticəsində Azərbaycan regionun ən güclü iqtisadiyyatlarından birinə çevrilib, investisiya mühiti yaxşılaşdırılıb və sosial rifah göstəricilərində mühüm irəliləyişlər əldə olunub. Müasir geosiyasi risklərin artdığı bir dövrdə Azərbaycanın sabitlik amilini qoruyub saxlaması xüsusi əhəmiyyət daşıyır. Çıxışda səsləndirilən iqtisadi göstəricilər Azərbaycanın son illərdə həyata keçirdiyi islahatların nəticələrini əks etdirir. Qeyri-neft sektorunun ümumi daxili məhsulda payının 70 faizdən çox olması iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlərin effektivliyini nümayiş etdirir. Xarici dövlət borcunun ÜDM-in cəmi 6 faizini təşkil etməsi Azərbaycanın maliyyə təhlükəsizliyi baxımından dünyanın ən əlverişli göstəricilərinə malik ölkələrindən biri olduğunu göstərir. Eyni zamanda, ölkəyə cəlb olunmuş 350 milyard dollara yaxın investisiya Azərbaycan iqtisadiyyatına beynəlxalq investorların inamının göstəricisidir. Yoxsulluq və işsizlik səviyyəsinin təxminən 5 faiz həddində olması isə sosial siyasətin effektivliyini və iqtisadi inkişafın cəmiyyətin rifahına müsbət təsirini nümayiş etdirir".

O, Azərbaycanın artıq yalnız enerji istehsalçısı deyil, həm də Avrasiyanın strateji logistika mərkəzlərindən biri kimi çıxış etdiyini diqqətə çatdırıb: "Hazırda 16 ölkəyə təbii qaz ixrac edən Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm tərəfdaşdır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı ölkənin tranzit imkanlarını genişləndirir və Azərbaycanın beynəlxalq ticarət marşrutlarında rolunu artırır. Yükdaşımaların həcminin iki dəfə artırılması hədəfi Azərbaycanın logistika imkanlarının daha da gücləndirilməsi istiqamətində atılan addımların davamı kimi qiymətləndirilir. Bununla yanaşı, 2032-ci ilədək 8 giqavat həcmində günəş və külək enerjisi gücünün yaradılması planı Azərbaycanın yaşıl enerji gündəliyinə sadiqliyini və enerji sektorunda yeni mərhələyə keçidini nümayiş etdirir.
Dövlət başçısı çıxışında Qarabağ və Şərqi Zəngəzurun bərpası məsələsi xüsusi yer tutdu. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsindən sonra regionda genişmiqyaslı quruculuq və yenidənqurma işləri həyata keçirilir. Bu günədək azad edilmiş ərazilərə 17 milyard dollara yaxın vəsait yönəldilməsi dövlətin bu bölgələrin sürətli inkişafına verdiyi önəmi göstərir. Artıq 90 minə yaxın insanın Qarabağ və Şərqi Zəngəzurda yaşaması Böyük Qayıdış proqramının uğurla icra olunduğunu təsdiqləyən mühüm göstəricidir.
Azərbaycanın bölgədə sülh təşəbbüsləri ilə çıxış etməsi isə Cənubi Qafqazda uzunmüddətli sabitlik və əməkdaşlıq mühitinin formalaşdırılmasına yönəlmiş siyasətin tərkib hissəsidir. Çıxışda səsləndirilən prioritetlər Azərbaycanın qarşıdakı dövr üçün inkişaf strategiyasını aydın şəkildə ortaya qoyur. İqtisadiyyatın daha da şaxələndirilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, nəqliyyat-logistika infrastrukturunun genişləndirilməsi və bərpaolunan enerji mənbələrinin inkişafı dövlət siyasətinin əsas istiqamətləri kimi müəyyənləşdirilib. Bütün bunlar göstərir ki, Azərbaycan əldə etdiyi uğurlarla kifayətlənməyərək yeni qlobal çağırışlara uyğun inkişaf modelini formalaşdırmağa çalışır. Prezident İlham Əliyevin çıxışında ifadə olunan mesajlar ölkənin həm regional, həm də beynəlxalq miqyasda etibarlı tərəfdaş, dayanıqlı iqtisadiyyat və sabit siyasi mərkəz kimi mövqeyini daha da möhkəmləndirmək niyyətini nümayiş etdirir.
Milli Məclisin deputatı Səbinə Salmanova isə bildirib ki, Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının keçirilməsi Azərbaycanın qazandığı yüksək beynəlxalq etimadın və nüfuzun göstəricisidir: "Bu mühüm tədbirin ölkəmizə yenidən həvalə olunması ölkəmizin beynəlxalq maliyyə institutları, təşkilatlar və tərəfdaş dövlətlər tərəfindən etibarlı əməkdaş kimi qəbul edildiyini bir daha təsdiqləyir".
Onun sözlərinə görə, son illər Azərbaycan bir sıra nüfuzlu beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib: “COP29 kimi qlobal əhəmiyyətli iqlim konfransının, Ümumdünya Şəhərsalma Forumunun və digər beynəlxalq platformaların Bakıda keçirilməsi ölkəmizin təşkilati imkanlarının, təhlükəsizliyinin və beynəlxalq əməkdaşlıq potensialının yüksək qiymətləndirilməsinin nəticəsidir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi zamanı 155 dövlətin dəstəyini qazanması, eləcə də Qoşulmama Hərəkatına sədrlik dövründə təşkilatın fəaliyyətinə yeni dinamika gətirməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun parlaq göstəriciləridir. Bu uğurların təməlində isə ilk növbədə sabitlik amili dayanır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, siyasi sabitlik olmadan iqtisadi inkişafdan, sosial rifahdan və uzunmüddətli tərəqqidən danışmaq mümkün deyil. Müstəqilliyinin 35 illik dövrünün böyük hissəsində Azərbaycan sabit inkişaf yolunu keçərək regionun ən güclü dövlətlərindən birinə çevrilib. Ölkədə formalaşmış siyasi sabitlik, ictimai həmrəylik və milli birlik iqtisadi yüksəlişin, sosial layihələrin və genişmiqyaslı islahatların uğurla həyata keçirilməsinə imkan yaradıb”.
Deputat bildirib ki, bu gün Azərbaycan iqtisadiyyatının əsas xüsusiyyətlərindən biri onun şaxələndirilməsi istiqamətində əldə edilən nailiyyətlərdir:
“Artıq qeyri-neft sektoru ümumi daxili məhsulun 70 faizindən çoxunu formalaşdırır. Bu isə ölkənin yalnız enerji resurslarından asılı olmadığını, sənaye, kənd təsərrüfatı, xidmət, logistika və digər sahələrin inkişaf etdiyini göstərir. Müstəqillik illərində Azərbaycan iqtisadiyyatına 350 milyard dollara yaxın sərmayənin yatırılması ölkənin investisiya cəlbediciliyinin ən mühüm göstəricilərindən biridir. Xarici dövlət borcunun ÜDM-in cəmi 6 faizini təşkil etməsi Azərbaycanın maliyyə dayanıqlığının və məsuliyyətli fiskal siyasətinin nəticəsidir. Eyni zamanda yoxsulluq və işsizlik səviyyəsinin təxminən 5 faizə qədər azalması həyata keçirilən sosial siyasətin effektivliyini nümayiş etdirir. Bu göstəricilər Azərbaycanı bir çox inkişaf etməkdə olan ölkələr arasında fərqləndirən əsas üstünlüklərdən hesab olunur”.
S.Salmanova vurğuıayıb ki, Azərbaycanın beynəlxalq əhəmiyyətini artıran əsas amillərdən biri də enerji və nəqliyyat sahələrində reallaşdırdığı strateji layihələrdir:
“Bu gün Azərbaycan Avrasiyanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətlərdən biridir. Hazırda Azərbaycan təbii qazını 16 ölkəyə ixrac edir və bu ölkələrin bir çoxu enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanı strateji tərəfdaş kimi qiymətləndirir. Bununla yanaşı, ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından biri kimi Avrasiya məkanında mühüm logistika mərkəzinə çevrilib. Qlobal ticarət marşrutlarının yenidən formalaşdığı bir dövrdə Azərbaycanın tranzit imkanları daha da aktuallaşır. Qarşıya qoyulan əsas hədəflərdən biri ölkə ərazisindən daşınan yüklərin həcmini iki dəfə artırmaq və Azərbaycanın beynəlxalq nəqliyyat qovşağı kimi mövqeyini daha da gücləndirməkdir. Enerji siyasətində yeni mərhələ isə yaşıl enerji gündəliyi ilə bağlıdır. Azərbaycan ənənəvi enerji istehsalçısı olmaqla yanaşı, bərpaolunan enerji sahəsində də böyük potensiala malikdir. Qarşıdakı illərdə ölkədə günəş və külək enerjisi istiqamətində genişmiqyaslı layihələrin həyata keçirilməsi nəzərdə tutulur. 2032-ci ilədək 8 giqavat həcmində yeni bərpaolunan enerji güclərinin yaradılması planlaşdırılır ki, bu da Azərbaycanın yaşıl enerji məkanına çevrilməsi istiqamətində mühüm addımdır”.

Parlamentari söyləyib ki, Azərbaycanın son illərdə əldə etdiyi ən böyük tarixi nailiyyətlərdən biri isə ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasıdır:
“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət nəticəsində ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini öz gücü hesabına təmin edib. Bu gün Azərbaycan regionda yeni reallıqlar yaradan və sülh gündəliyini təşviq edən ölkə kimi çıxış edir. Azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri müasir Azərbaycan tarixinin ən böyük quruculuq layihələrindən biridir. Qısa müddət ərzində bu ərazilərə 17 milyard dollara yaxın investisiya yönəldilib. Yeni şəhərlər, kəndlər, yollar, hava limanları, sosial və enerji infrastrukturu yaradılır. Artıq 90 minə yaxın vətəndaş Qarabağ və Şərqi Zəngəzurda yaşayır, çalışır və təhsil alır. Bu proses Böyük Qayıdış proqramının uğurla icra olunduğunu göstərir. Azərbaycanın inkişaf strategiyası yalnız bu günün deyil, həm də gələcəyin çağırışlarını nəzərə alır. Qarşıdakı dövr üçün əsas prioritetlər sırasında iqtisadiyyatın daha da şaxələndirilməsi, qeyri-neft sektorunun genişləndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, rəqəmsal transformasiya, nəqliyyat-logistika imkanlarının artırılması və yaşıl iqtisadiyyata keçidin sürətləndirilməsi dayanır”.
“Qlobal geosiyasi və iqtisadi dəyişikliklərin yaşandığı bir zamanda Azərbaycan öz inkişaf modelini milli maraqlar, dayanıqlılıq və beynəlxalq əməkdaşlıq prinsipləri üzərində qurur. Son illərin uğurları göstərir ki, ölkəmizin seçdiyi inkişaf yolu düzgün strateji qərarlara, güclü siyasi iradəyə və xalq-dövlət birliyinə əsaslanır. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın yalnız əldə etdiyi nailiyyətlərin təqdimatı deyil, həm də gələcək inkişafın strateji yol xəritəsidir. Bu yol xəritəsinin əsas istiqamətləri sabitlik, iqtisadi dayanıqlılıq, beynəlxalq tərəfdaşlıq, innovasiya, yaşıl inkişaf və milli maraqların qətiyyətlə müdafiəsidir. Məhz bu amillər Azərbaycanın gələcək illərdə də regionun aparıcı dövləti və qlobal əməkdaşlığın etibarlı tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirəcəyini göstərir”, - deputat qeyd edib.