BAKI, 19 iyun. TELEQRAF

“İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısında Prezident İlham Əliyevin çıxışı təkcə Azərbaycanın sosial-iqtisadi göstəricilərinin təqdimatı deyil, həm də ölkənin inkişaf modelinin, xarici siyasət prioritetlərinin və gələcək strateji baxışının beynəlxalq auditoriyaya ünvanlanan konseptual təqdimatı kimi qiymətləndirilə bilər. Çıxışın məzmunu göstərdi ki, Azərbaycan artıq özünü yalnız regional aktor kimi deyil, qlobal iqtisadi və siyasi proseslərdə etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi təqdim edir”.

Bu fikirləri Teleqraf-a Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, cənab Prezidentin çıxışında diqqət çəkən ilk məqam Azərbaycanın beynəlxalq nüfuzu və etimad kapitalı ilə bağlı idi. Azərbaycanın ikinci dəfə İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına ev sahibliyi etməsi, son illərdə COP29, Ümumdünya Şəhərsalma Forumu kimi qlobal əhəmiyyətli tədbirlərin keçirilməsi ölkənin beynəlxalq əlaqələr sistemində tutduğu mövqeyin göstəricisi kimi təqdim olundu. Bu kontekstdə verilən əsas mesaj ondan ibarət idi ki, Azərbaycanın beynəlxalq nüfuzu təsadüfi amillərin deyil, uzunmüddətli və ardıcıl siyasətin nəticəsidir. Vaxtilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, daha sonra Qoşulmama Hərəkatına sədrliyi zamanı qazandığı geniş beynəlxalq dəstək də məhz bu etimadın göstəricisi kimi önə çəkildi. Prezident faktiki olaraq vurğuladı ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində sözünə etibar olunan, öhdəliklərinə sadiq qalan və müxtəlif siyasi qütblər arasında etimad körpüsü yarada bilən dövlət kimi qəbul edilir.

“Çıxışın digər mühüm xətti sabitlik amili ilə bağlı idi. Dövlət başçısı Azərbaycanın müstəqillik dövrünün böyük hissəsində sabit inkişaf yolu keçdiyini vurğulayaraq siyasi, iqtisadi və sosial sabitliyin əldə olunan uğurların təməlində dayandığını qeyd etdi. Bu yanaşma təsadüfi deyil. Müasir dünyada bir çox ölkələrin iqtisadi potensialına baxmayaraq qeyri-sabitlik səbəbindən inkişaf imkanlarını tam reallaşdıra bilmədiyi şəraitdə Azərbaycan modeli sabitliyin inkişaf üçün strateji resurs olduğunu nümayiş etdirir. Prezidentin bu istiqamətdə əsas mesajı ondan ibarət idi ki, iqtisadi göstəricilər yalnız maliyyə resursları hesabına deyil, ilk növbədə effektiv idarəetmə və sabit siyasi mühit sayəsində əldə olunur. Azərbaycanın son onilliklər ərzində keçdiyi inkişaf yolu bu tezisin praktik təsdiqi kimi təqdim edildi”, - deyən millət vəkilinin sözlərinə görə, iqtisadi sahədə səsləndirilən rəqəmlər isə ölkənin inkişaf modelinin dayanıqlılığını nümayiş etdirmək məqsədi daşıyırdı. Qeyri-neft sektorunun artıq ÜDM-in 70 faizindən çoxunu təşkil etməsi, xarici dövlət borcunun ÜDM-in cəmi 6 faizi səviyyəsində qalması, ölkəyə 350 milyard dollara yaxın investisiyanın cəlb olunması Azərbaycanın iqtisadi siyasətinin nəticələri kimi təqdim edildi.

Sevinc Fətəliyeva qeyd edib ki, burada verilən əsas mesaj iqtisadiyyatın artıq yalnız enerji resurslarına söykənmədiyi ilə bağlıdır. Uzun illər ərzində həyata keçirilən şaxələndirmə siyasəti nəticəsində qeyri-neft sektorunun iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən birinə çevrildiyi göstərildi. Eyni zamanda, aşağı dövlət borcu və aşağı işsizlik göstəriciləri Azərbaycanın makroiqtisadi dayanıqlılığının vacib elementləri kimi ön plana çıxarıldı.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin çıxışında enerji və nəqliyyat məsələləri də xüsusi yer tutdu: “Azərbaycanın bu gün 16 ölkəyə təbii qaz ixrac etməsi sadəcə iqtisadi göstərici deyil, həm də ölkənin geosiyasi əhəmiyyətinin artmasının göstəricisidir. Son illərdə qlobal enerji təhlükəsizliyi məsələlərinin aktuallaşması fonunda Azərbaycan Avropa və digər regionlar üçün etibarlı enerji tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirib. Nəqliyyat sahəsində isə Prezident Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub marşrutlarının əsas qovşaqlarından birinə çevrildiyini vurğuladı. Bu istiqamətdə verilən mesaj ondan ibarətdir ki, Azərbaycan yalnız enerji ixrac edən ölkə deyil, həm də Avrasiya məkanında logistika və nəqliyyat əlaqələrinin formalaşmasında mühüm rol oynayan tranzit mərkəzidir. Yükdaşımaların həcminin iki dəfə artırılması hədəfi ölkənin gələcək iqtisadi inkişaf strategiyasında tranzit potensialının xüsusi yer tutduğunu göstərir”.

Deputatın fikrincə, çıxışın ən mühüm siyasi məqamlarından biri Qarabağ və Şərqi Zəngəzurla bağlı idi. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdiyini vurğulamaqla yanaşı, postmünaqişə dövrünün əsas prioritetlərinin bərpa, quruculuq və reinteqrasiya olduğunu diqqətə çatdırdı. Bu hissədə verilən əsas mesaj ondan ibarət idi ki, Azərbaycan münaqişə mərhələsini arxada qoyaraq inkişaf mərhələsinə keçib. Azad edilmiş ərazilərə 17 milyard dollara yaxın investisiyanın yönəldilməsi, artıq 90 minə yaxın insanın Qarabağ və Şərqi Zəngəzurda yaşaması və çalışması Böyük Qayıdış proqramının real nəticələr verdiyini göstərir. Bununla yanaşı, Prezident Azərbaycanın regionda sülh gündəliyinin təşəbbüskarı kimi çıxış etdiyini də xüsusi vurğuladı. Bu yanaşma ölkənin postmünaqişə siyasətinin əsas mahiyyətini əks etdirir.
Çıxışın son hissəsində isə gələcəyə baxış təqdim olundu. İqtisadiyyatın daha da şaxələndirilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, logistika imkanlarının genişləndirilməsi və yaşıl enerjiyə keçid əsas prioritetlər kimi müəyyənləşdirildi. Xüsusilə 2032-ci ilədək 8 giqavat günəş və külək enerjisi gücünün yaradılması planı Azərbaycanın enerji siyasətində yeni mərhələnin başlandığını göstərir.

“Ümumilikdə Prezident İlham Əliyevin çıxışı bir neçə strateji mesaj üzərində qurulmuşdu: Azərbaycan sabit və dayanıqlı inkişaf modelinə malik dövlətdir; beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul olunur; enerji və logistika sahələrində regional lider mövqeyini möhkəmləndirir; ərazi bütövlüyünü tam bərpa etdikdən sonra sülh və inkişaf gündəliyini irəli aparır; eyni zamanda yaşıl enerji və iqtisadi şaxələndirmə vasitəsilə gələcək inkişaf mərhələsinə hazırlaşır. Məhz bu mesajlar dövlət başçısının çıxışının əsas siyasi və iqtisadi mahiyyətini təşkil edir və Azərbaycanın qarşıdakı dövr üçün strateji kursunun dəyişməz qaldığını nümayiş etdirir”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.