BAKI, 21 iyun. TELEQRAF
Son iki gün ərzində 100-dən çox kommersiya gəmisi Hörmüz boğazından keçib və neft daşımalarının həcmi müharibədən əvvəlki səviyyəyə yaxın olaraq qalır.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt "ABC News" telekanalına müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, iki gün əvvəl boğazdan 55 gəmi, ötən gün isə 67 gəmi keçib.
"Neft və neft məhsullarının daşınma həcmləri təxminən müharibədən əvvəlki göstəricilərə bərabərdir", - deyə Rayt qeyd edib.
ABŞ rəsmisi ölkədə benzin qiymətlərinin nə vaxt aşağı düşəcəyinə dair dəqiq proqnoz verməkdən imtina etsə də, qiymətlərin Vaşinqton və Tehran arasında aparılan danışıqların nəticəsindən asılı olmayaraq azalacağını düşündüyünü bildirib.
Rayt vurğulayıb ki, Hörmüz boğazı vasitəsilə neft və qaz tədarükü artıq normal vəziyyətə qayıdıb.
"Neft və qazın boğazdan daşınması normallaşıb və İranla danışıqların taleyindən asılı olmayaraq belə də qalacaq. ABŞ-də enerji resurslarının hasilatı artır, Venesuelada istehsal yüksəlir, həmçinin dünya üzrə digər enerji istehsalçıları ilə əməkdaşlıq edirik. Hesab edirəm ki, amerikalılar enerji daşıyıcılarının qiymətlərinin daha da ucuzlaşacağını gözləyə bilərlər", - deyə nazir əlavə edib.