NAXÇIVAN, 18 iyun. TELEQRAF

“Qərbi Azərbaycan İcmasının fəaliyyəti həqiqətləri bütün dünyaya çatdırmaqdır. Hər bir qərbi azərbaycanlının doğma ata-baba yurduna qayıtması onun haqqıdır. Bəzən Ermənistan mətbuatında, həmçinin Ermənistanı dəstəkləyən xarici qüvvələr tərəfindən məlumatlar yayılır ki, bu qisas məqsədi daşıyır. Azərbaycan Prezidentinin də dediyi kimi, biz Qərbi Azərbaycana ancaq əlimizdə sülh bayrağı ilə getmək istəyirik”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu fikirləri III “Qərbi Azərbaycana qayıdış” festival konqresdə Milli Məclisin deputatı Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, artıq Azərbaycanla Ermənistana faktiki sülh möcvddur:

"Faktiki olaraq sülh mövcuddursa, bundan istifadə edərək biz öz torpaqlarımıza da qayıtmalıyıq. Düzdür, hüquqi cəhətdən hələ müqavilə imzalanmayıb, çünki Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var. Ermənistan rəhbərliyi bildirir ki, referendum keçiriləcək və nəticədə Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılacaq. Bu referendum baş tutarsa, mən əminəm ki, belə də olacaq. Yetər ki, onlar verdikləri sözə əməl etsinlər. O zaman Azərbaycanla Ermənistan arasında iqtisadi və siyasi münasibətlər formalaşa bilər”.