BAKI, 18 iyun. TELEQRAF
Azərbaycan torpaqlarını işğaldan azad etdikdən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda irimiqyaslı yenidənqurma işlərinə başlayıb və hazırda böyük qayıdış prosesi uğurla davam edir.
Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib.
Azad edilmiş ərazilərdəki mövcud demoqrafik və maliyyə mənzərəsini diqqətə çatdıran dövlət başçısı bildirib:
“Bu gün artıq Qarabağ və Şərqi Zəngəzurda demək olar ki, 90 min insan yaşayır, işləyir, oxuyur. Biz dövlət büdcəmizdən müxtəlif infrastruktur və mənzil layihələrinə 15 milyard ABŞ dollarından çox vəsait ayırdıq. Lakin bütün mənbələrdən azad edilmiş ərazilərə maliyyələşdirmənin ümumi həcmi 17 milyard ABŞ dollarına yaxındır”.
Prezident bölgədə su anbarları, su kanalları, elektrik stansiyaları, tunellər, körpülər və artıq istifadəyə verilmiş üç beynəlxalq hava limanı daxil olmaqla irimiqyaslı layihələrin icra edildiyini vurğulayıb:
“Azad edilmiş ərazilərin yenidən qurulmasında səylərimizi dəstəklədiyinə görə İslam İnkişaf Bankı Qrupuna minnətdarıq. Biz Azərbaycanı nəqliyyat qovşağına çevirməyə davam etməliyik. Planımız Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini ikiqat artırmaqdır. Bu gün bu göstərici təxminən 14-15 milyon tondur. Biz bu rəqəmin ikiqat artırılmasını hədəfləyirik. Əlbəttə ki, hər şey təkcə bizdən asılı olmayacaq, çünki bu həm də geosiyasi vəziyyətdən və qonşuluqdakı şəraitdən asılı olacaq, lakin bunlar bizim konkret planlarımızdır”.