BAKI, 21 iyun. TELEQRAF

İsrail Müdafiə Ordusunun (SAXAL) Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir Livanda elan olunmuş atəşkəsi kövrək adlandıraraq, hərbçilərə döyüş əməliyyatlarının yenidən başlanmasına yüksək hazırlıq səviyyəsini qorumağı tapşırıb.

Teleqraf xəbər verir ki, o, bu barədə Livanın cənubunda yerləşdirilmiş İsrail bölmələrinə səfəri zamanı danışıb.

Zamirin sözlərinə görə, hazırkı atəşkəs rejimi sabit deyil və vəziyyətin istənilən vaxt dəyişə biləcəyi nəzərə alınmalıdır.

"Elan edilmiş atəşkəs kövrəkdir və biz döyüş əməliyyatlarının bərpasına, təhdidlərin aradan qaldırılmasına və zərurət yaranacağı təqdirdə əməliyyatların sürətlə yenidən başlanmasına yüksək hazırlıq səviyyəsini saxlamalıyıq", - deyə o bildirib.

Baş Qərargah rəisi əlavə edib ki, İsrail ordusunun bütün resursları bu məqsədə yönəldilib.

Eyal Zamir vurğulayıb ki, İsrail ordusunun əsas məqsədi ölkənin şimal yaşayış məntəqələrinin və mülki əhalinin təhlükəsizliyini təmin etməkdir.