BAKI, 24 fevral. TELEQRAF

Əmək pensiyalarının indeksləşdirilməsi normativ hüquqi aktlara uyğunlaşdırılır.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Ədliyyə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 9 fevral tarixli 923 nömrəli Sərəncamına (bundan sonra – Sərəncam) uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Mərkəzi icra hakimiyyəti orqanları dörd aydan gec olmayaraq, Sərəncamın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Sərəncama uyğunlaşdırılmasını təmin edib, bu barədə altı ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.