BAKI, 4 noyabr. TELEQRAF

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Elxan bəy, Rusiya-Ukrayna müharibəsinin dayandırılması, məsələnin həllinə dair təklif edilən planlar nədən ibarətdir?

- Rusiya-Ukrayna müharibəsinin dayandırılması və münaqişənin həllinə dair ABŞ Prezidenti Donald Trampın təklif etdiyi 28 maddəlik plan dəyişikliklərə məruz qaldı. Çünki Ukrayna bu planı qəbul edə bilməzdi. Bu kapitulyasiya, ağ bayraq qaldırmaq demək idi. Ukrayna Prezidenti Volodimir Zelenski olmur kim olur-olsun bu planı heç kim qəbul etməzdi. Avropa İttifaqı da həmin planın əleyhinə çıxdı və bu istiqamətdə Cenevrədə danışıqlar aparıldı. Beləliklə, təklif edilən 28 maddəlik plana dəyişikliklər oldu. Amerikalılar isə bu dəyişikliklərə etiraz etmədilər.

- Dəyişikliklər Ukraynanın maraqlarına uyğundurmu?

- Təəssüf ki, edilən dəyişikliklər də Kiyevin maraqlarını əks etdirmir. Donbasla bağlı Rusiyanın iddialarını ehtiva edən şərtlər təklif edilən planda hələ də qalır.

- Bu iddialar nədən ibarətdir?

- Həmin iddialara görə, Ukrayna öz ərazisi olan Donbasdan tamamilə imtina etməlidir. Faktiki olaraq bu gün Donbasın bir hissəsi Ukrayna ordusunun nəzarətindədir. Ona görə də heç bir dövlət bu təkliflə razılaşmaz.

- Rusiya Prezidenti Vladimir Putinin ABŞ lideri Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və kürəkəni Cared Kuşnerlə görüşünün nəticələri haqqında nə demək olar?

- Əslində bu görüşdən də əvvəlcədən proqnozlaşdırıldığı kimi heç bir nəticə olmadı. Çünki danışıqlardan sonra açıqlanan bəyanatda deyildi ki, texniki məsələlər həll olunmalıdır. Bu o deməkdir ki, prinsipial məsələlər həll olunmayıb. Ona görə də, Putin-Uitkoff görüşündən heç bir nəticə hasil olmadı.

- Sizcə, Kiyev öz əraziləri ilə bağlı ABŞ və Rusiya arasında olan razılaşmalara hansı halda müsbət yanaşa bilər?

- Kiyev öz başı üzərindən ərazilərinin alver predmeti olmasına heç vaxt razılaşa bilməz. Bəzi ekspertlər isə iddia edir ki, Zelenski sonda məcbur olub istefaya gedəcək və s. Əslində bu, belə deyil. Zelenski istefaya getsə, o zaman gərək Ukraynada prezident seçkiləri keçirilsin. İndiki şəraitdə yəni, müharibə aparan ölkədə prezident seçkilərinin keçirilməsi absurd görünür. Eyni zamanda Zelenskinin hakimiyyətdən getmək fikri yoxdur. Nə zamansa, Rusiya-Ukrayna cəbhəsində atəşkəs olsa və seçki keçirilsə, Zelenskinin yenidən öz namizədliyini irəli sürməməsi halı ola bilər. Belə bir ağır məqamda Zelenskinin istefası satqınlıq olar. Bundan Rusiya tərəfi istifadə edərək işğal ərazisini daha da genişləndirməyə çalışar.

- Hazırkı danışıqlara Avropa İttifaqının münasibəti necədir?

- Avropa İttifaqı Ukrayna ətrafında aparılan danışıqlardan narazıdır. Tramp Avropanın rəyini çox da nəzərə almasa da Moskvada Putin-Uitkoff görüşü baş verən zaman Zelenski də Avropa liderləri ilə görüşdə idi. Ukrayna prezidenti daha sonra Fransaya gedib Emmanuel Makronla da görüşdü.

- Zelenskinin Avropa liderlərindən gözləntisi nədən ibarətdir?

- Ukrayna prezidenti ona təzyiq olacağı təqdirdə Avropa liderlərinin onun yanında olmasını istəyir.

- Belə çıxır ki, Trampın açıqladığı plan Avropanın maraqlarına uyğun deyil…

- Faktiki olaraq indiki plan Avropanın maraqlarına cavab vermir. Çünki Ukraynanın məğlubiyyəti həm də Avropanın məğlubiyyəti deməkdir. Eyni zamanda Rusiya bu müharibədə öz qələbəsini təmin edərsə, növbəti hədəfləri elə Avropada olacaq. Ona görə də Avropa da mümkün qədər bu prosesə müqavimət göstərir.

- Açıqlanan plana Kremlin münasibəti necədir?

- Bu planı Rusiyanın özü də qəbul etmir. Çünki Kremlin bu planla bütün istəkləri baş tutmur. Əslində Tramp da Rusiyanın bütün istəkləri həyata keçirə bilməz.

- Uzun sürən danışıqlar, təklif edilən planlar fonunda müharibə davam edir. Bu qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək? Ukraynanın taleyi ilə bağlı hansı proqnozlar var?

- Hazırda müharibə ilə bağlı yanlış fikirlər yayılır. İddia edilir ki, Rusiya Pakrovski işğal edib və s. Amma bu belə deyil. Şəhərin böyük hissəsi Ukrayna ordusunun nəzarətindədir. Şəhər tam işğal edilməyib. İki həftə əvvəl Putin də Pakrovskinin artıq Rusiyanın nəzarətində olduğunu bəyan etmişdi. Pakrovski tam işğal edilsə belə bu, müharibənin sonunu gətirməyəcək.

- Müharibənin sonunu nə gətirə bilər?

- Əgər Rusiya Donbası tamamilə işğal etsə, bu halda Ukraynanın müəyyən şərtləri qəbul etməyə məcbur qalması ehtimalı var. İndiki halda Donbasın bir hissəsi Ukraynanın nəzarətindədir və rus işğalına qarşı müqavimət davam edir.

- ABŞ yardımı dayandırsa, Ukrayna müharibəni necə davam etdirə biləcək?

- Bu halda gərək bütün yükü Avropa üzərinə götürsün. Hazırda Ukraynada da hərbi istehsal artıb. Bunun üçün Avropa da maliyyə ayırıb. Bunlar kifayət etməsə də Ukraynaya müharibəni davam etdirməyə imkan verir. Rusiyanın isə resursları daha çoxdur. İtki verdikcə yerini doldurur. Hazırda Rusiya iqtisadiyyatı ağır vəziyyətdə olsa belə Putin müharibəni davam etdirmək niyyətindədir. Hətta o, Avropanı da hədələdi ki, “özünüzü yaxşı aparmasanız, sizə qarşı da müharibəyə başlayacam”.

- Açıqlanan planda Ukrayna üçün təhlükəsizlik təminatından da bəhs olunur. Bu necə təmin olunacaq?

- Rusiya tərəfindən verilən heç bir təhlükəsizlik təminatına inanmaq olmaz. Bu ölkə Gürcüstanın ərazilərini işğal etdi, Ukrayna ərazisi olan Krımı özünə birləşdirdi və s. Halbuki, Krımla bağlı 1994-cü ildə təhlükəsizlik təminatı verilmişdi. Rusiya bu razılaşma ilə Ukraynanın ərazi bütövlüyünü tanıdığını bəyan etmişdi. Ona görə də, Rusiya tərəfindən verilən təhlükəsizlik təminatına heç kim zəmanət vermir.