BAKI, 17 oktyabr. TELEQRAF

“Mədəniyyət və mədəni dəyərlər Azərbaycan dövlətinin formalaşmasında və inkişafında əsas rol oynayıb. Hazırda dövlət idarəçiliyində, ictimai münasibətlərdə və beynəlxalq əlaqələrdə mədəniyyət dəyərlərinin zənginliyindən və təsir gücündən geniş istifadə olunur. ”.

Teleqraf xəbər verir ki, bu sözləri mədəniyyət naziri Adil Kərimli Bakıda keçirilən ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclasında deyib.

O bildirib ki, Azərbaycan həm milli mədəniyyətini qoruyur, həm də müasir qlobal mədəni proseslərin fəal iştirakçısına çevrilir, multikulturalizmin inkişafını təmin edir.

Nazir qeyd edib ki, dövlətimizin başçısının təşəbbüsü ilə 2008-ci ildə təsis edilmiş Bakı Prosesi bu yanaşmanın praktik nümunəsidir:

“BMT, UNESCO, ISESCO və digər beynəlxalq təşkilatlar tərəfindən mədəniyyət sahəsində əsas dialoq platforması kimi tanınan Bakı Prosesi çərçivəsində keçirilən forumlar müxtəlif ölkələrdən rəsmi nümayəndələri bir araya gətirir. Bakı Prosesi fərqli dini, etnik və siyasi mənsubiyyətə malik icmaları dialoq və əməkdaşlıq müstəvisində birləşdirir”.