BAKI, 7 oktyabr. TELEQRAF
6 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizin ev sahibliyində Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan-Türkiyə qardaşlığına əsaslanan müttəfiqlik münasibətlərinin bütün səviyyə və platformalarda uğurla davam etdirildiyi məmnunluqla qeyd edilib.
Siyasi-təhlükəsizlik, iqtisadi-ticarət, enerji-nəqliyyat-kommunikasiya ölçüləri üzrə tərəfdaşlıq gündəliyində duran əsas məsələlər müzakirə olunub.
Regional və beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə fəaliyyət və dəstəyin davam etdirilməsinin vacibliyi qeyd olunub.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
***
22:09
Xarici işlər naziri Ceyhun Bayramov Qəbələdə Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” hesabında məlumat verib.
“Həmkarım və dəyərli qardaşım, Türkiyə Respublikasının Xarici İşlər Naziri Hakan Fidan ilə Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlər Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində görüşməkdən məmnunam. Qardaş müttəfiqliyimiz və strateji tərəfdaşlığımız bütün sahələrdə möhkəmlənməkdə davam edir”, - C.Bayramov bildirib.
Onun sözlərinə görə, görüş zamanı iki ölkə arasında əməkdaşlığın hazırkı mərhələsi və perspektivləri müzakirə olunub.