BAKI, 31 may. TELEQRAF
ABŞ Müdafiə Nazirliyi “Global Strike” (Qlobal Zərbə) silah sisteminin hazırlanması üçün "Lockheed Martin Space" şirkətinə 1 milyard dollardan artıq vəsait ödəyəcək.
Teleqraf xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında məlumat verilib.
Məlumata əsasən, şirkət layihə çərçivəsində proqramların idarə edilməsi, mühəndislik işlərinin planlaşdırılması, sistemlərin inteqrasiyası, eləcə də raketlərin istehsalı üçün zəruri avadanlıq, buraxılış platformaları və materialların təminatı ilə məşğul olacaq.
Layihə üzrə işlərin Kolorado, Alabama, Kaliforniya, Florida ştatlarında və digər bir neçə məkanda həyata keçiriləcəyi bildirilir. Müqavilənin 2028-ci ilin avqust ayında tamamlanması nəzərdə tutulur.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp “Qızıl Qübbə” adlı müdafiə sisteminin yaxın üç il ərzində istifadəyə veriləcəyini açıqlamışdı. Onun sözlərinə görə, bu texnologiya əldə edilə biləcək qədər mükəmməlliyə yaxın bir səviyyədədir.