BAKI, 27 may. TELEQRAF
"Ermənistan sistematik islamofobiyanın vətənidir".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Qaya Məmmədov "Dəyişən dünyada İslam mədəni irsinin qorunması" adlı panel müzakirəsində çıxışı zamanı deyib.
O qeyd edib ki, son illərdə müsəlmanlara qarşı ksenofobiya halları artıb.
"İslamofobiya faktının adı son zamanlar qoyulub, amma bu fakt çoxdan mövcuddur. Müasir dünyada Ermənistan yeganə monoetnik dövlətdir. Ermənistan sistematik islamofobiyanın vətənidir. Ermənistan qurulanda orada xeyli azərbaycanlı vardı. Onlar azərbaycanlıları deportasiya edib, orada özlərinə ölkə qurublar. Biz öz mirasımızı bərpa edib, qorumalıyıq. Mədəni mirasın bərpası islamofobiya ilə mübarizənin əsasını təşkil etməlidir", - o vurğulayıb.
Deputat bildirib ki, İrəvan qazılığının yaradılması mədəni irsin qorunması üçün mühüm addım olacaq.
"Biz Ermənistan hökumətinə İrəvandakı Göy Məsciddə azərbaycanlıların mədəni irsinə dəyən ziyanın araşdırılmasına icazə verilməsi üçün müraciət etmişik, amma mənfi cavab almışıq. Bir daha Ermənistan hökumətinə müraciət edib ora neytral bir qrupun girişinə icazə verilməsini istəyirik ki, mədəni irsimizə dəyən ziyanı araşdıra bilək".
Qeyd edək ki, “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunub. Üç gün davam edən konfrans bu gün başa çatacaq.