BAKI, 29 aprel. TELEQRAF

"Azərbaycan dünya birliyində öz layiqli yeri olan, sayılıb-seçilən, mövqeyini gündən-günə möhkəmləndirən ölkələr sırasındadır. Dünya Azərbaycan reallıqlarını qəbul edir. Burada ikitərəfli və çoxtərəfli münasibətlər ən vacib şərtlərdəndir. Bu münasibətlərdən biri də Azərbaycan-İran əlaqələridir. Azərbaycan ilə İran arasında münasibətlər dərin tarixi köklərə malikdir və bu bağlar orta əsrlərə qədər uzanır. Hər iki xalqın dili, ədəbiyyatı, adət-ənənələri və mətbəxi arasında oxşarlıqlar mövcuddur. Bu mədəni yaxınlıq ikitərəfli diplomatik əlaqələrin inkişafında mühüm rol oynayır".

Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) funksioneri Siyavuş Novruzov deyib.

“Prezident İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri zamanı mətbuata verdiyi birgə bəyanatda qeyd etdiyi kimi “Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür”. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb. İran Azərbaycan ilə ən böyük sərhədə malik dövlətdir və qarşılıqlı əlaqələrimizin tərəflər üçün səmərəli formada davam etməsi rəsmi Bakı ilə Tehranın maraqlarına cavab verir”, - deyə o qeyd edib.

Deputat Azərbaycanla İran arasındakı əlaqələrin dərin tarixə malik olduğunu bildirib: “Bu zəmində ədəbiyyat, mədəniyyət, incəsənət, sənətkarlıq, xalçaçılıq, musiqi və xalqlarımızı bir-birinə bağlayan digər tellər də inkişaf etməkdədir. Sözsüz ki, mədəni münasibətlər dövlətlərarası əlaqələrdə çox vacib bir həlqə təşkil edir. Azərbaycanla İran əlaqələrinin bu məqamı da nümunə ola biləcək səviyyədədir. Bu özünü rəsmi dəvətlərdə, görüş və danışıqlarda xüsusilə göstərir. Prezident İlham Əliyevin bəyanatda vurğuladığı kimi: "Xalqlarımızın tarixi ortaqdır, mədəniyyətimiz də ortaqdır. Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq”.

Bütün bunlar onu göstərir ki, Azərbaycan-İran münasibətlərinin konstruktiv ruhda inkişafı təkcə ikitərəfli əlaqələr baxımından deyil, regional kontekstdə də böyük əhəmiyyət daşımaqdadır. Bölgənin sabitliyi, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. İki ölkə üzv olduğu bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir və bundan sonra da bu dəstəyi göstərəcək. İran və Azərbaycan Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında (ECO) və BMT-də bir-birinə dəstək verməklə, eyni zamanda, öz siyasətlərini, niyyətlərini ifadə edirlər. Bizi birləşdirən layihələr arasında nəqliyyat layihələri xüsusi rol oynayır. Azərbaycan alternativ dəhlizlərdən üstünlüyü ilə seçilən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı ilə bağlı mühüm işlər görüb. Bu nəqliyyat dəhlizinin önəmli həlqələrindən olan Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi, eləcə də Azərbaycan və İran sərhədində dəmir yolu məntəqələrinin birləşməsi üzrə nəzərdə tutulan inşaat işləri ölkəmiz tərəfindən sürətlə icra edilib”.

Siyavuş Novruzov vurğulayıb ki, Azərbaycan və İran prezidentlərinin görüşündə iki ölkə arasında tarixi bağların və əməkdaşlığın önəmi haqqında danışılıb: “Bu səfər Azərbaycan-İran münasibətlərinin perspektivi ilə bağlı xoş əhvali-ruhiyyə bəxş etməklə bərabər, həm də belə bir inam yaradır ki, ölkələrimiz arasındakı tarixi köklərlə biri-birinə bağlı olan əlaqələr bundan sonra daha da inkişaf edəcək, müasir mərhələdə qonşu, dost və qardaş münasibətlərin nümunəsinə çevriləcək”.