
BAKI, 27 mart. TELEQRAF
Martın 29-da Bakıda “Kolonializm: Milli-Dini Kimliyin Silinməsi” adlı beynəlxalq konfrans keçiriləcək.
Teleqraf xəbər verir ki, tədbirin təşkilatçısı Bakı Təşəbbüs Qrupudur.
Konfransda Fransa və Niderland müstəmləkələrindən – Qvadelup, Fransız Qvianası, Kanaki (Yeni Kaledoniya), Korsika, Martinik, Reyunyon, Boneyr, Fransız Polinezyası, Mayot, eləcə də Valis və Futunadan müstəqillik hərəkatlarının nümayəndələri, dekolonizasiya üzrə ekspertlər, reparasiya üzrə mütəxəssislər və insan hüquqları müdafiəçiləri iştirak edəcək.
Onların içərisində Fransa hökuməti tərəfindən qeyri-qanuni həbs olunan Yeni Kaledoniyalı siyasi məhbusların ailə üzvləri də var.
İştirakçılar müstəmləkəçiliyin davam edən təsirləri, koloniyalarda milli və dini kimliyin qorunması istiqamətində qarşıya çıxan maneələr və müstəqillik hərəkatlarının çağırışları, o cümlədən beynəlxalq ictimaiyyətin bu məsələlərə münasibətini müzakirə edəcəklər.