BAKI, 17 mart. TELEQRAF

ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Luis Qraça Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin yekunlaşdırılmasını alqışlayıb və hər iki tərəfi dialoq və barışığa sadiq qaldıqlarına görə təqdir edib.

Teleqraf xəbər verir ki, bu barədə ATƏT PA xüsusi nümayəndənin açıqlamasına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, tərəflər bu irəliləyişi davam etdirməli, səmimi, konstruktiv şəkildə əməkdaşlığa və sülhə yönəlmiş addımlar atmalıdırlar.

“Bu irəliləyiş regionda uzunmüddətli sabitlik və sülhə doğru atılan vacib bir addımdır”, - o vurğulayıb.

Qraça qeyd edib ki, ATƏT Parlament Assambleyası Cənubi Qafqazda regional sabitliyin, etimadın möhkəmləndirilməsinin və davamlı barışığın təşviqinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırdır.