
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər çərçivəsində Qars vilayətinin müftisi Yavuz Yıldız ilə görüşüb.
Teleqraf xəbər verir ki, nümayəndə heyətini salamlayan müfti ölkəmizin İslam həmrəyliyinə, müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə yönəlik təşəbbüslərini, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələrini yüksək qiymətləndirib. Eyni zamanda Qarsda təşkil edilən iftar süfrəsinin həmrəyliyi və yardımsevərliyi daha da gücləndirmək baxımından xüsusi əhəmiyyət daşıdığı bildirilib.
Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan və Türkiyənin tarix boyunca bir-birinə yaxın, dost və qardaş ölkələr olduğunu vurğulayıb. Azərbaycan və Türkiyə prezidentlərinin uğurlu siyasəti nəticəsində ikitərəfli münasibətlərin möhkəmləndiyini bildirib. İki xalqı birləşdirən dəyərlər sırasında ortaq mədəniyyətimizin, dilimizin və dinimizin mühüm rol oynadığını qeyd edib. Həmçinin Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoq və əməkdaşlıq məsələlərinə daim böyük qayğı ilə yanaşdığını, dinlərarası dialoq və multikulturalizm ideyalarının dünyanın və bəşəriyyətin ümumi sərvətlərindən biri kimi qorunmasının vacibliyini vurğulayıb.