BAKI, 12 mart. TELEQRAF

Türkiyədə səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 12-də Qars valisi Ziya Polat və Qars Bələdiyyə Başqanı Ötüken Senger ilə görüşüb.

Teleqraf xəbər verir ki, görüşlərdə ölkələrimiz arasında ortaq etnik-mədəni köklərə söykənən dostluq və qardaşlıq əlaqələrinin Azərbaycan və Türkiyə prezidentlərinin müdrik siyasəti nəticəsində uğurla inkişaf etdiyi vurğulanıb. Bu siyasətin hər iki ölkənin xalqları arasında güclü bir qardaşlıq və əməkdaşlıq ruhu yaratdığı qeyd olunub.

"Bir millət,iki dövlət" prinsipinin ölkələrimizin gündəmində əsas yer tutduğu və əlaqələrin daha da genişləndirilməsinə təkan verdiyi vurğulanıb. Həmçinin İslamın sülhsevər və tolerant dəyərlərinin təbliğinin dünyada sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət etdiyi qeyd olunub.