BAKI, 12 mart. TELEQRAF

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, bir ildən artıqdır sizin rəhbərlik etdiyiniz Azərbaycanın nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə əməkdaşlığı dayandırıb. Bu müddətdə əlaqələrin bərpası istiqamətində hansısa təşəbbüslər olubmu? Hazırda münasibətlər necədir?

- Azərbaycan AŞPA-dakı fəaliyyətini dayandırıb. Təşkilatın bugünkü vəziyyəti onun Avropanın özündə belə rolunu, təsirini itirməsi ilə nəticələnir. Bunun da iki səbəbi var. AŞPA bir təşkilat kimi nüfuzdan düşür. Çünki Avropa yenidən formalaşmalıdır. Həmçinin AŞPA-nın Avropa strukturu içərisində əhəmiyyəti və rolu avropalılar tərəfindən dərk olunmalıdır. Reallıq isə odur ki, Avropada gedən proseslər AŞPA daxilində olan böhranı daha da dərinləşdirib. Ona görə də təşkilatın kənar qitələrə, ölkələrə təsiri getdikcə azalır. Demək olar ki, qurum hazırda öz əhəmiyyətini itirir. Vəziyyətin bu həddə çatması təşkilatın özü ilə bağlıdır. Azərbaycan Avropanın başqa qurumları və təşkilatları ilə əlaqələrini davam etdirir.

Amma AŞPA ilə əlaqələr tamamilə kəsilib. Bunun üçün isə əsaslar həddindən artıq çoxdur. Faktiki olaraq, bu gün AŞPA daxilindəki ziddiyyətlər buradan digər ölkələrin də çıxmasına səbəb olur. Sonuncu olaraq, qonşu Gürcüstan buna misaldır. Görünür, bu proses bundan sonra da davam edəcək. Ona görə də Azərbaycan üçün indiki mərhələdə AŞPA əhəmiyyət kəsb etməyən, maraqsız bir təşkilatdır. Çünki təşkilatın davranışı, gördüyü işlər ölkələrə yalnız problemlər yaradır. Bunun parlaq nümunəsi də Rusiya-Ukrayna müharibəsidir. Hazırda Ukrayna ətrafında baş verənlər də bunun bariz nümunəsidir. Bu mənada AŞPA Avropa qitəsində, onun daxilində öz rolunu dərk edib, yenidən qiymətləndirməlidir.

- Avropada və onun ayrı-ayrı qurumlarında yaranan böhran nə ilə bağlıdır? Proses nə vaxta qədər davam edə bilər?

- Söhbət yalnız Avropa Şurasından getmir. Avropa Birliyində də böhran davam edir, ziddiyyətlər güclənir. ABŞ-nin məsələlərə münasibətini dəyişməsi Avropadakıları düşünməyə vadar edir. İndi onlar öz ordularını yaratmaq haqqında iddialara düşüblər. Bunun üçün vəsait ayırmaq niyyətləri də ortaya qoyuldu. Hətta xeyli vəsaitin ayrılması ilə bağlı söhbətlər aparıldı və daha sonra konkret məbləğ müəyyənləşdi. Amma Fransa ilə Almaniya "Pulu kim mənimsəyəcək", "Silahlar hansı zavodlarda istehsal ediləcək" kimi məsələləri qaldırdıqdan sonra bunun üzərində ciddi mübahisələr başladı. Nəticədə isə ortaya ittihamlar çıxdı. Bu amillər göstərir ki, Avropanın içərisində ziddiyyətlər daha da dərinləşir.

- Ziddiyyətlərin dərinləşməsində kənar faktorların təsiri varmı?

- Avropa maraqlı tarixə malikdir. Onun üzərində kimsə olduqda nəsə etmək mümkündür. Rusiya və ABŞ ilə rəqabətdə Avropa daxilində hansısa proseslər gedə bilər. Vaxtilə Avropa İttifaqının yaranması Amerikanın Avropanı öz himayəsində saxlaması nəticəsində baş vermişdi. ABŞ kənara çəkildikdən və Rusiya ilə münasibətlər korlandıqdan sonra Avropa daxilində mərkəzdənqaçma tendensiyaları çoxalacaq. Beləliklə ziddiyyətlər artacaq. Bununla da Fransa, Almaniya prosesi öz tərəfinə çəkməyə çalışacaq.

Qeyd edək ki, 2024-cü ilin yanvarın 24-də Azərbaycanın nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib, nümayəndə heyəti bununla bağlı bəyanat verib. Bunun AŞPA-dan Azərbaycana qarşı qeyri-obyektiv qərarların verilməsi ilə bağlı olduğu açıqlanıb.