
BAKI, 5 mart. TELEQRAF
Britaniya parlamentinin Lordlar Palatasında "Parlamentdə Azərbaycanın dostları qrupu"nun açılış tədbiri keçirilib.
Teleqraf xəbər verir ki, tarixi "Attle" otağında keçirilən ziyafətə uzun illər Britaniya parlamentində Azərbaycan üzrə qrupun üzvü və sədr müavini olmuş Lord David Evans ev sahibliyi edib.
Tədbirə Britaniya parlamentinin İcmalar və Lordlar Palatasının çoxsaylı deputatları, o cümlədən parlamentdə uzun illər fəaliyyət göstərmiş Azərbaycan qrupunun sabiq sədri Bob Blackman iştirak edib.
Ziyafətə, həmçinin 2016-2024-cü illərdə Britaniyanın Azərbaycan üzrə Ticarət elçisi olmuş Baronessa Nikolson və Azərbaycan və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunmuş ticarət elçisi Lord Alderdice qatılıblar.
Parlamentarilərlə yanaşı, tədbirdə Britaniya ictimaiyyətində müxtəlif sferalarda çalışan və ölkəmizə dost münasibət bəsləyən digər nümayəndələr də iştirak edib.
Açılış nitqi zamanı Lord Evans ölkəsinin Azərbaycanla onilliklərə dayanan dərin və uğurlu əməkdaşlığından danışıb. O bildirib ki, ötən illər ərzində dəfələrlə Azərbaycanda olub və Azərbaycan xalqı və mədəniyyətinə dərin rəğbət bəsləyir. Lord Evans Britaniyanın Azərbaycanda müstəqillikdən bugünədək ən böyük investor olduğunu vurğulayıb, münasibətlərin xüsusiliyinə diqqət çəkib. Lord Evans Britaniya Parlamentində yenidən bərpa edilmiş Azərbaycanın dostları qrupuna uğurlar arzulayıb və hər zaman ölkəmizin yanında olduğunu deyib.
Tədbirdə çıxış edən Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov Lord Evansa tarixi "Attle" otağında Azərbaycana həsr olunmuş tədbirə ev sahibliyi etdiyinə görə təşəkkür edib. Britaniya parlamentinin hər iki palatasından tədbirdə iştirak edən çoxsaylı deputatlara minnətdarlıq ifadə edən səfir qeyd edib ki, Azərbaycan və Britaniya arasında çoxillik nümunəvi əməkdaşlıq mövcuddur və yeni parlamentdə Azərbaycanın dostları qrupunun yenidən bərqərar olunması olduqca sevindiricidir. Ölkələrimiz arasında ötən illər ərzində formalaşmış dərin iqtisadi-ticarət münasibətlərinin bütün sferalara sirayət etməsindən bəhs edən diplomat ötən il Baş nazir Keir Starmerin Bakıda keçirilən COP29 tədbirinin liderlər görüşündə iştirak üçün Azərbaycana səfər etməsinin və Azərbaycan Prezidenti İlham Əliyevlə səmimi görüş keçirməsinin münasibətlərə daha da təkan verdiyini söyləyib. Elin Süleymanov COP29-da uğurlu nəticənin əldə olunması istiqamətində töhfəsinə görə Britaniya tərəfinə təşəkkür edib, ölkələrimiz arasında bundan sonra da sıx əməkdaşlığın inkişaf etdiriləcəyinə dair əminlik ifadə edib.
Ziyafətin Ramazan ayında keçirilməsi və iftar vaxtına təsadüf etməsini nəzərə alaraq səfir Süleymanov tədbirdə iştirak edən müsəlman deputatları Ramazan ayı münasibəti ilə təbrik edib. Həmçinin, tədbir keçirilən gün Azərbaycanda Od çərşənbəsinin qeyd edildiyini nəzərə çatdıran səfir Novruz ənənələri barədə də qonaqlara məlumat verib.