BAKI, 5 mart. TELEQRAF

Bu il yanvarın 14-də ABŞ ilə Ermənistan arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalandıqdan sonra rəsmi İrəvan bunu az qala xarici siyasətin mühüm “uğuru” kimi təqdim edirdi. Hesab edirdilər ki, bununla Amerikadan “təhlükəsizlik” zəmanəti alıblar. Hətta ABŞ-nin sabiq dövlət katibi Entoni Blinken bildirmişdi ki, Birləşmiş Ştatların Gömrük və Sərhəd Təhlükəsizliyi komandası (əslində hərbi təyinatlı qrup) “Ermənistanın sərhəd təhlükəsizliyi potensialını inkişaf etdirmək” üçün yaxın həftələrdə bu ölkəyə gedəcək. Amma sənədin imzalandğı tarixdən 2 aya yaxın vaxt keçsə də, amerikalı sərhədçilər Ermənistana göndərilməyib. İddia olunur ki, bu sənəd ABŞ-nin yeni adminstrasiyası tərəfindən bloklana bilər. Ümumiyyətlə, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın dövründə Ermənistanla ikitərəfli xartiyanın müddəalarının həyata keçirilmə perspektivi ilə bağlı da suallar açıq qalır.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə Teleqraf-a açıqlamasında Trampın idarəetməsinin fərqli olduğunu bildirib.

“Trampın ölkə və dünya problemlərinin həllinə münasibəti sabiq prezident Cozef Baydendən kəskin fərqlənir. O, açıq şəkildə problemləri sadalamaqla həlli yollarını deyir. Bayden administrasiyası konfliktlərin, problemlərin dərinləşməsinə, yenisinin yaranmasına çalışıb. Azərbaycana qarşı vaxtaşırı onun komandasının əsassız hücumları artıq sistem halını almışdı. Ermənistanın ağasını dəyişmək siyasətindən o, özünün maraqlarını həyata keçirmək üçün istifadə edirdi. Yaxşı bilirdi ki, imzaladığı sənədlərin çoxusu Tramp tərəfindən qəbul edilməyəcək. Bununla belə Bayden gələcək seçkilərdə erməni diasporunun dəstəyini qazanmağa çalışırdı”, - o qeyd edib.

Komitə üzvünün sözlərinə görə, Tramp hansısa qüvvəyə ehtiyac olmadan siyasət aparır: “Problemləri kifayət qədər çoxdur. USAID-ın proqramları dayandırılıb, İsrail və Misirdən başqa ölkələrə hərbi və iqtisadi yardım dayandırılıb. Tramp ölkəsini Çinlə rəqabətə hazırlayır. Erməni diasporu Trampa təsir etməyə çalışsa da, bunun baş verməsi inandırıcı deyil”.

“Ermənistanın yeni ağa axtarışı çox uğursuz oldu. İrəvanın yenidən Moskvaya üz tutacağı gözlənilir. Vaşinqtondan ala bilmədiyini Moskvadan istəyəcəklər. Dünya isə konfliktlərdən, qarşıdurmalardan yorulub. Güc mərkəzləri yeni konfliktlər yaratmaq əvəzinə bunların üzərində işləməlidir”, - Aydın Mirzəzadə bildirib.

Politoloq Oqtay Qasımov hesab edir ki, Trampın Bayden dönəmində ABŞ ilə Ermənistan arasında imzalanan sənədləri bloklaması gözlənilmir.

“Sadəcə, hazırda Amerika tərəfi daha böyük məsələlərlə məşğuldur. Xüsusilə də Rusiya ilə danışıqların başlanması, Trampla Putin arasında təmasların olması, Ukraynadakı müharibənin dayandırılması ilə bağlı cəhdlər var. Yaxın və Orta Şərq, Çin məsələsi, qonşu ölkələrlə ticarət Tramp üçün ciddi məsələlərdir. Bunların yanında Ermənistanla əlaqələr çox kiçikdir. Cənubi Qafqazla bağlı Tramp administrasiyasının mövqeyi tam aydın deyil. Onun Putinlə görüşdə Cənubi Qafqazla bağlı hansı mövqeni tutacağı bilinmir. Bu baxımdan Bayden dövründə Ermənistanla imzalanan həmin sənəd keçmiş dövlət katibi Entoni Blinkenin söylədiyi fikirlər reallığa əsaslanmır”.

Oqtay Qasımov Bayden administrasiyası hakimiyyətdən gedərkən Ermənistanla bu sazişi imzaladığını xatırladıb: “Trampın komandası ilə bu məsələnin nə qədər razılaşdırıldığını söyləmək çətindir. Amma bu sənədin kənara atılması gözlənilmir. Hansısa məqamda Tramp administrasiyasına bu sənəd lazım olacaqsa, o zaman onun üzərindən hərəkət etməyə çalışacaqlar”.