BAKI, 6 mart. TELEQRAF

Ermənistanın Azərbaycanla şərti sərhəddə hərbi təxribata əl atması, mütəmadi olaraq atəşkəsi pozmaqda məqsədi başqadır. Azərbaycanı təxribata çəkmək niyyətləri var. Açılan atəşə cavab veriləcəyini dəqiq bilirlər. Bununla da Avropa İttifaqının Ermənistan ərazisində olan "missiya"sına Azərbaycanın atəşkəsi pozması ilə bağlı yalan informasiyalar ötürməyi planlaşdırırlar.

Bu sözləri Teleqraf-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev deyib.

Komitə sədri bildirib ki, hərbi təxribatlarda əsas məqsəd Azərbaycan tərəfindən atəşkəsin pozulması görüntüsü yaratmaqdır: "Erməni tərəfi mütəmadi olaraq bu cür hiylələrə əl atır. Delimitasiya və demarkasiya edilmiş sərhəd xəttində də belə hal baş vermişdi. Bununla rəsmi İrəvan sülh müqaviləsinin imzalanması ilə bağlı indiki status-kvonu saxlamağa çalışır".

"Azərbaycan hər zaman olduğu kimi bundan sonra Ermənistan tərəfindən olacaq təxribata layiqli cavab verməyə hazırdır. Onların bütün hərəkətləri nəzarətdə saxlanılır. Əgər qarşı tərəf bundan sonra da təxribatlara əl atacaqsa, susdurulacaqlar", - deputat vurğulayıb.

Ehtiyatda olan general-leytenant, hərbi ekspert Yaşar Aydəmirov hesab edir ki, Ermənistan ordusunda pərakəndəlik davam edir.

"II Qarabağ müharibəsindən öncə də erməni tərəfi postlara mülki şəxsləri yerləşdirirdi. Bu, şəxsi heyət çatışmazlığı ilə bağlıdır. Bunun fonunda son dövrlər erməni tərəfi Azərbaycanla şərti sərhəddə möhkəmləndirilmiş postlar tikir. Həmçinin kənardan onlara yeni silahlar göndərilir deyə bir çox hallarda hərbi təxribatlarda həvəsli olurlar", - o qeyd edib.

Hərbi ekspert hesab edir ki, Ermənistanın məqsədi Azərbaycanı mümkün qədər hərbi təxribata çəkməkdən ibarətdir: "Azərbaycan isə hər zaman olduğu kimi yenə də öz təmkinini qoruyur. Sözsüz ki, atəşkəs pozulsa, onun cavabı artıqlaması ilə verilir. Təxribatlara əl atmaqla sülh prosesində qeyri-müəyyənlik yaratmaq istəyirlər. Ermənistana silah göndərən Fransa, Hindistan kimi ölkələr də bölgədə sabitlik olmasında maraqlı deyil".

"Sistemli şəkildə şərti sərhəd boyunca Azərbaycanı qıcıqlandırmağa çalışacaqlar. Sözsüz ki, nəticəni bilərək belə təxribatlara əl atmaq başqa məqsədlərə xidmət edir. Çünki Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələri qarşısında nəsə addım atmaq, döyüş fəaliyyəti aparmaq, ərazilərə girmək imkanları yoxdur. Atacaqları addım onların növbəti səhvi ola bilər", - Yaşar Aydəmirov bildirib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi martın 4-də saat 22:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xanazax yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutması barədə məlumat yaymışdı.