
BAKI, 5 mart. TELEQRAF
ReAl Partiyasının sədri, politoloq Natiq Cəfərli Teleqraf-ın suallaırnı cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Natiq bəy, yeni ABŞ administrasiyasının Cənubi Qafqazla bağlı siyasətindən Ermənistanın gözləntiləri nədən ibarətdir?
- Sabiq prezident Cozef Bayden hakimiyyətinin başa çatmasına bir neçə gün qalmış, yəni 2025-ci ilin yanvarın 14-də ABŞ ilə Ermənistan arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanmışdı. İrəvanın bu sənəd üzərindən gözləntiləri böyük idi. İddia edirdilər ki, Ermənistana bu sənədlə Amerika təhlükəsizlik zəmanəti verir. Keçmiş dövlət katibi Entoni Blinken bildirmişdi ki, ABŞ-nin Gömrük və Sərhəd Təhlükəsizliyi komandası Ermənistanın sərhəd təhlükəsizliyi potensialını inkişaf etdirmək üçün yaxın həftələrdə İrəvana gedəcək. Amma 2 aya yaxındır ki, amerikalı mütəxəssislər Ermənistana getməyib. Görünür, Amerikanın Ermənistanla bağlı xətti dəyişir.
Həmin razılaşmada ABŞ ilə Ermənistan arasında gömrük işçiləri və sərhədçilərlə bağlı birgə treninqlərin keçirilməsi nəzərdə tutulmuşdu. Digər sahələrdə də ikitərəfli əməkdaşlıq planlaşdırılırdı. Amma bunlar təxirə düşüb. Yeni ABŞ administrasiyası, yəni Prezident Donald Tramp dönəmində boş-boşuna xərclənən vəsaitlərin kəskin şəkildə azaldılması strategiyası nəzərdə tutulub. ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask məhz bu işlərlə məşğuldur. Amerika administrasiyası Ermənistanla əməkdaşlığın onlara xeyir gətirəcəyini görmür. Ona görə də əlavə vəsaitlərin xərclənməsini istəmirlər. Amma bu sənədin icrasının təxirə düşdüyünü də iddia etmək olmaz. Hər halda bu günə qədər yerinə yetirilməyibsə, bu, o deməkdir ki, Tramp administrasiyasının prioritetlərində Cənubi Qafqaz yoxdur. Bunu açıq şəkildə görmək mümkündür.
- Ermənistanın baş naziri Zəngəzur dəhlizinin beynəlxalq korporasiyanın nəzarəti ilə açılmasının mümkünlüyündən danışıb. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanmış üçtərəfli razılaşmada isə dəhlizə nəzarətin Rusiya tərəfindən həyata keçirildiyi qeyd edilib. Bu paradoksu necə izah etmək olar?
- Ermənistan dəhlizə Rusiyanın nəzarət etməsini istəmir. Sadəcə, İrəvan bunu açıq deyə bilmir. Bu, tək üçtərəfli razılaşma ilə tənzimlənmir. Ermənistanla Rusiya arasında 2044-cü ilə qədər sərhədlərin birgə qorunması, hərbi bazaların yerləşdirilməsi ilə bağlı dövlətlərarası təhlükəsizlik sənədi var. Bu sənəd mövcud olduqca Ermənistan bundan qaça bilməyəcək. Ona görə də burada problemlər Moskva ilə İrəvan arasındadır. Azərbaycanla bağlı bu məsələdə hər hansı problem yoxdur. Rəsmi Bakı sülh danışıqlarından kommunikasiyalara aid müddəaların çıxarıldığını və ayrıca müzakirə ediləcəyini bəyan edib.
Bununla Azərbaycan Ermənistana “problemini özün həll et” mesajı vermiş oldu. Əlavə saziş imzalamaq, hansısa özəl şirkətə dəhlizin təhlükəsizliyini həvalə etmək İrəvanın problemidir. Azərbaycan dəhlizə kimin nəzarə edəcəyindən deyil, yoldan necə istifadə olunmasına görə danışıqlar aparır. Bakının haqlı tələbi odur ki, "Azərbaycandan-Azərbaycana", yəni Naxçıvana gedən yüklər və sərnişinlər yoxlanılmamalıdır.
- Kommunikasiyaların blokdan çıxarılması və silahlara qarşılıqlı nəzarət Bakıdan İrəvana göndərilən sülh mətnində cavabsız qalmışdı. Bu məsələlərin sülh sazişinə aidiyyəti varmı?
- Azərbaycanla Ermənistan arasında sülh razılaşması üzrə bir neçə istiqamətdə danışıqlar gedir. Baş nazirlərin müavinləri səviyyəsində də ayrıca müzakirələr aparılır. Bakının irəli sürdüyü bir neçə tələb var. Bu ilk növbədə ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlıdır. Münaqişə yoxdursa, belə bir təşkilatın varlığına ehtiyac qalmayıb. Eyni zamanda beynəlxalq məhkəmələrdən qarşılıqlı olaraq iddiaların geri çəkilməsi təklif edilir.
Ermənistan konstitusiyandan Azərbaycana qarşı iddiaların çıxarılması başlıca şərtdir. Ermənistan ilkin iki şərti yerinə yetirib konstitusiyanı dəyişmək öhdəliyi götürərsə, prosesi irəliyə aparmaq olar. İmzalanacaq sülh sazişinin Ermənistanın qanunvericiliyindən üstün hüquqi qüvvəyə malik olması maddəsini də bura əlavə etmək mümkündür. Bundan sonra Ermənistan üzərinə konstitusiyasını dəyişməklə bağlı öhdəlik götürəcək. Proseslər onu göstərir ki, 2026-cı ildə Ermənistanda konstitusiyanın dəyişdirilməsi ilə bağlı referendum keçiriləcək.