
BAKI, 26 fevral. TELEQRAF
"Bir var vətən uğrunda səngərdə ölən əsgərlər, bir də var ki, öz evində, öz yurdunda, öz yaşadığı regionda vandal, vəhşi hücuma məruz qalan və heç bir günahı olmadan yalnız azərbaycanlı olduğu üçün öldürülən soydaşlarımız, əlbəttə, bunlar tamamilə fərqli prizmadan dəyərləndirilir".
Teleqraf xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsinin ziyarətindən sonra jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu insanlıq, bəşəriyyət əleyhinə cinayətdir.
"Bir daha burada, bu müqəddəs məkanda onların ruhları qarşısında ehtiramla baş əyirəm. Azərbaycana zəfər qazandıran şəhid oğullarımızı, qızlarımızı yad edirəm və Ali Baş Komandanımıza bundan sonra da dəmir yumruğunu məhz belə cinayət törətmək üçün pusquda dayananların başı üzərində saxlamağı arzulayıram. Xocalıda vəhşicəsinə öldürülənlər Azərbaycanın haqq işi uğrunda canlarını verən şəhidlərimizdir. Bu cinayəti törədənlər cavab verəcəklər. Elə həyatın ermənilər üçün ironiyası da ondan ibarətdir ki, bu gün anım mərasimləri ilə yanaşı, erməni faşizminin bu cinayətləri reallaşdıran nümayəndələri Azərbaycanda mühakimə olunurlar. Təbiidir ki, onlar hamısı deyil, bu cinayətdə əli olan, onlara havadarlıq edənlərin hər biri ədalət mühakiməsi qarşısında dayanacaq", - deyə o əlavə edib.
Komitə sədri bildirib ki, dəhşətli faciə ilə üzləşmiş insanların qisası alınıb.
"Artıq Xocalı sakinləri evlərinə, yurdlarına qayıdır, sülh şəraitində yaşayırlar. Bu, yanaşı yaşamış iki xalqın göstərdiyi fərqli nümunələrdir. Biz sülh və diplomatiya yolu ilə işimizə davam edəcəyik".