
BAKI, 7 fevral. TELEQRAF
Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan və Ermənistan arasında mümkün yaxınlaşma bəzi qüvvələri narahat edir.
Teleqraf xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.
Ekspert xatırladıb ki, Baş nazir Nikol Paşinyanın da imzası olan üçtərəfli bəyanatın müvafiq bəndi ilə Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin etməyi öhdəsinə götürüb:
“Mövzu ilə bağlı Rusiya ilə ABŞ, İranla Azərbaycanın mövqelərində uzlaşmanın olmaması fonunda Bakı və İrəvan arasında dəhlizlə bağlı danışıqlar davam edir. Paşinyanın ötən həftə yolla bağlı mövqeyini bir qədər fərqli şəkildə ifadə etməsi və Azərbaycanın bu kommunikasiya xəttinin açılacağına dair əmin mövqeyi Tehranı yenidən hərəkətə gətirib. Bu dəfə aydın olan məqam odur ki, Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinə Ermənistandan daha çox mane olan və təşvişə düşən İrandır. Bu maneə və narahatlıq üçtərəfli bəyanatın imzalanmasından sonra İrandan tez-tez verilən açıqlamalarda özünü büruzə verir.
Ötən həftə Azərbaycan və İran nümayəndələri arasında baş tutan görüşdən sonra Bakı və Tehran arasında ziddiyyətlərin yumşalacağına ümidlərin yarandığı bir vaxtda, dünən Tehranın İrəvandakı səfiri (Mehdi Sübhani) növbəti dəfə Zəngəzur haqda danışıb.
Səfir deyib: “İran beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinə, geosiyasi dəyişikliklərə və regional problemlərin həlli üçün güc tətbiqinə qəti şəkildə qarşıdır. İran Ermənistanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Yalan xəbərlər, təhdidlər və şübhəli videolar yaymaq iki ölkə arasında möhkəm münasibətləri poza və ya aramızda fikir ayrılıqları və şübhələrə səbəb ola bilməz”.
İran bu açıqlamaları ilə ilk növbədə “Ermənistanın ərazi bütövlüyü”nə işarə edir, dəhliz açılarsa, Ermənistanla sərhədlərinin bağlana biləcəyini bildirir və bu baxımdan Zəngəzur dəhlizini “təhlükəli” hesab edir. Halbuki üçtərəfli bəyanatda sərhədlərin dəyişdirilməsi və ya Ermənistan ərazisinə hər hansı iddia nəzərdə tutulmur. Qərbi Zəngəzur rayonu tarixən Azərbaycan ərazisi olsa da, Bakı bu əraziyə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək, insanlar və yüklərin daşınmasını asanlaşdıracaq tranzit zona kimi baxır”.
Zaur Məmmədov vurğulayıb ki, burada söhbət yalnız nəqliyyat dəhlizinin açılmasından gedir:
“Heç kim İrana heç bir məhdudiyyət qoymur, onun ərazi bütövlüyü və təhlükəsizliyinə heç bir təhlükə yoxdur. Həmçinin səfirin dediyi kimi, burada sərhədin dəyişdirilməsindən söhbət getmir. Əslində, Tehrandakı narahatlığın səbəbi bölgənin tarixi ilə bağlıdır. İranda yaxşı bilirlər ki, Cənubi Azərbaycan və Şimali Azərbaycan arasında heç vaxt üçüncü dövlət olmayıb və ermənilərin Ararat Respublikası dövründə belə Arazın şimalındakı bütün sərhədboyu ərazilərdə Azərbaycan Respublikası mövcud idi. Görünür, tarixin əsl ədalət səhifəsinə qayıdacağından narahatdırlar. Əgər məsələ bundadırsa, o zaman tələsməyə ehtiyac var.
Ermənistanla ABŞ arasında imzalanmış strateji tərəfdaşlıq haqqında sənəd və İrəvanla Avropa İttifaqı arasında Zəngəzurla bağlı dialoqa əsasən, bölgə faktiki olaraq Qərbin öhdəliyi və kurasiyasına verilib. İranın Ermənistandakı səfirinin bəyanatına gəlincə, onun “regionun geosiyasi konfiqurasiyasının dəyişdirilməsinə qarşıyıq” bəyanatı hansı məntiqi güdür? Məgər regiona Qərbi gətirən Ermənistan deyil? Əgər bu fonda İran Azərbaycanın narahatlığını qulaqardına vuraraq nə qədər paradoksal səslənsə də, Paris və makronların yanında yer alacaqsa, deməli, gələcəkdə rəsmi Bakının regionla bağlı görəcəyi tədbirlər fonunda açıqlama belə verməyə haqqı olmayan dövlətlər siyahısına aid ediləcək”.
Ekspert əlavə edib ki, Azərbaycan Zəngəzur dəhlizinin sülh yolu ilə açılmasını istəyir:
“Bu yolun açılmaması fonunda Ermənistanın hücum xarakterli silahlar və müəyyən ölkələrin hərbçilərini sərhədlərə doldurmasına imkan verilməyəcək. Tehran bölgədə xəritələr məsələsində narahatdırsa, o zaman Ermənistanın bu addımları ilə bağlı konkret fəaliyyətə başlamalıdır. Əgər bunu etmirsə, şərti sərhədlərdə uzunmüddətli sabitliyi Azərbaycan təmin etməli olacaq.
Yaxın keçmişdə Qarabağla bağlı Azərbaycanın beynəlxalq ictimaiyyətə etdiyi xəbərdarlıqları hər kəs çox yaxşı xatırlayır. Həmin dövrdə də çoxları Azərbaycana “status-kvo hələ uzun müddət qalmalıdır” kimi çağırışlar edirdilər. Azərbaycan öz bildiyini etdi, nəticələri göz qabağındadır. Zəngəzur mövzusunda da Azərbaycan bu xəttin açılacağına əmindir. Ya reallığı qəbul etməlidirlər, ya da seyirçi olmalıdırlar. Cənubi Qafqazın taleyini Qafqaz xalqları dialoq vasitəsilə həll edəcək”.