ASTARA, 12 dekabr. TELEQRAF

Xəzər dənizində itkin düşən balıqçılar, Astara rayon sakinləri 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlu və 1999-cu il təvəllüdlü Həsənov Ağadədə Fəmi oğlunun yaxınları axtarışların qonşu ölkələrdə də həyata keçirlməsi üçün rəsmi qaydada Xəzərsahili ölkələr müraciət olunmasını istəyirlər.

Ailə üzvləri Teleqraf-ın Cənub bürosuna bildiriblər ki, axtarışlarda iştirak edən aidiyyəti qurumlara təşəkkür edirlər, amma prosesə Xəzəryanı dövlətlərin də cəlb olunmasını vacib hesab edirlər.

Ağadədənin atası Famil Həsənov deyib ki, balıqçıların qonşu ölkələrin ərazi sularına keçməsi ehtimalı var. Bu səbəbdən dövlət qurumlarından digər Xəzəryanı ölkələrlə əlaqələrin qurulması xahiş olunur.

Ailənin qohumu Rabil Həsənov isə oxşar hadisənin illər əvvəl baş verdiyini xatırladıb. O bildirib ki, həmin vaxt itkin düşən balıqçıların sonradan İranın ərazi sularında tapıldığı məlum olmuşdu. Rabil Həsənov itkin düşmüş balıqçıların sağ-salamat tapılacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, Turan Həsənov və Ağadədə Həsənov artıq 3 gündür Xəzər dənizində itkin düşmüş hesab olunur. Onların tapılması istiqamətində axtarışlar davam etdirilir.