ASTARA, 22 dekabr. TELEQRAF
Astarada naringi bağlarını xəstəlik bürüyüb, tonlarla məhsul toplanmamış çürüyür.
Teleqrafın Cənub Bürosu xəbər verir ki, Astara rayonunda naringi bağlarında yayılmış naməlum xəstəlik fermerlərə ciddi maddi ziyan vurub.
Bu il yüksək məhsuldarlıq müşahidə olunsa da, yığım və satış dövründə meyvələrin budaqlarda çürüməsi nəticəsində tonlarla məhsul yararsız hala düşüb.
Ucqar dağ kəndlərindən olan Niləşədə vəziyyət daha ağırdır. Fermerlərin sözlərinə görə, meyvələrin çürüməsi şaxta və ya soyuq hava ilə bağlı deyil. Ərazidə hələ şaxtalı havalar müşahidə olunmayıb, əsas səbəb ağacları bürüyən naməlum xəstəliklə əlaqələndirilir.
Fermer Müşviq Hacıyev bildirir ki, uzun illərdir naringi becərsə də, bu cür problemlə ilk dəfə üzləşirlər: “Neçə ildir bağımızdan bol məhsul yığırıq, amma məhsulun ağacda çürüməsi halını ilk dəfə görürük. Əvvəllər anbarda saxlanılan məhsulda az miqdarda çürümə olurdu. Bu il isə təxminən 1-1,5 ton məhsulumuz tamamilə zay olub”.
Fermerlərin dediyinə görə, xəstəlik əvvəlcə meyvənin üzərində xırda xal şəklində özünü göstərir. Daha sonra proses meyvənin daxilinə keçir və çürümə başlayır. Ağaca toxunulduqda naringilər asanlıqla yerə tökülür. Halbuki məhsul normal şəraitdə xüsusi qayçı ilə kəsilərək yığılır.
Digər fermer Qədim Hacıyev də məhsul itkisi ilə üzləşdiklərini deyir: “Gözləyirdik ki, 7-8 min manat gəlir əldə edək. İndi isə maksimum 2-3 min manat mümkün görünür. Məhsulun böyük hissəsi xəstəlik səbəbindən yararsız hala düşüb. Hazırda naringinin satış qiyməti 50-70 qəpikdir, iri məhsullar isə 80 qəpiyə satılır”.
Fermerlər hesab edirlər ki, naringi bağlarında yayılan bu xəstəlik vaxtında araşdırılmasa və qarşısı alınmasa, növbəti mövsümdə də məhsuldarlığa ciddi təsir göstərə bilər. Onlar aidiyyəti qurumlardan bağlarda fitosanitar yoxlamaların aparılmasını və problemin səbəbinin müəyyənləşdirilməsini xahiş edirlər.
Qeyd edək ki, Astara rayonunda ümumilikdə 2591,15 hektar sahədə naringi bağı mövcuddur. Onlardan 1890,08 hektarı məhsuldar bağlardır. Mövcud xəstəlik naringiçiliklə məşğul olan fermerlər üçün ciddi iqtisadi risk yaradır.

