MİNGƏÇEVİR, 18 dekabr. TELEQRAF

Son zamanlar bölgələrdə müşahidə olunan yağıntılı-qarlı havalar su hövzələrində ciddi dəyişikliyə səbəb olmayıb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hazırda Mingəçevir Su Anbarında suyun səviyyəsi 78,9 metr təşkil edir.

Son bir həftə ərzində səviyyə həddində cəmi 2 santimetr dəyişiklik qeydə alınıb. Suyun səviyyəsi 78,11 metrdən 78,9 metr həddinə düşüb. Ümumən isə ötən ilin müvafiq dövrü ilə müqayisə su anbarının səviyyəsi 2 metr 40 santimetr enib.

Bölgənin çaylarında da suyun səviyyəsi və axını gözləntilərdən kənara çıxmayıb. Kür çayının Zərdab rayonu ərazisindən keçən hissəsində səviyyə son bir neçə gün ərzində 5 santimetr civarında yüksəlsə də sonradan əvvəlki səviyyəsinə düşüb.

Hazırda Kürün rayon ərazisindən keçən hissəsində suyun səviyyəsi 4 metr 73 santimetr təşkil edir.

Türyançayın Ağdaş rayonu ərazisində də sabitlik davam edir. Burada saniyədə 3 kubmetr su axını müşahidə olunur. O cümlədən Qanıx çayında saniyədə 43 kubmetr axın var. Ötən günlərlə müqayisədə çayın axın həddində saniyədə 5 kubmetr azalma qeydə alınıb.

Qeyd etmək lazımdır ki, Qanıx çayının su ötürücülük imkanları daha genişdir. Bu çayın ötürücülük qabiliyyəti saniyədə 450-500 kubmetrdir. Mütəxəssislərin fikrincə, hazırda bölgənin su hövzəsində müşahidə olunan stabillik və kiçik miqyaslı dəyişikliklər təbii və normal haldır.