CƏLİLABAD, 19 dekabr. TELEQRAF
Cəlilabad rayonunda havaların qış fəslinə uyğun keçməməsi taxıl sahələrində zərərvericilərin kütləvi şəkildə yayılmasına səbəb olub.
Teleqraf-ın Cənub Bürosu xəbər verir ki, rayonun bir çox kəndində əkin sahələrində Qafqaz taxıl böcəyi geniş əraziləri əhatə edərək bitkilərin inkişafına ciddi zərər vurur.
Mütəxəssislərin sözlərinə görə, qış aylarında havaların mülayim keçməsi zərərvericilərin torpağın alt qatından çıxaraq taxılın yarpaqlarına sirayət etməsini sürətləndirib. Bu isə bitkilərin normal inkişafının dayanmasına, sünbülləmə mərhələsinin zəifləməsinə və gələcək məhsulun risk altına düşməsinə gətirib çıxarır.
Vaxtında qabaqlayıcı tədbirlər görülməzsə, məhsuldarlığın 35–40 faizədək azalması mümkündür.
Qeyd olunur ki, taxıl böcəyi əsasən dəmyə şəraitdə olan əkin sahələrində yayılır. Nisbətən gec aparılan səpinlərdə bu zərərverici daha çox müşahidə olunur. Artıq bəzi təsərrüfatlarda taxıl sahələrinin 40–50 faizi zərərvericilərin təsiri nəticəsində yararsız hala düşüb.
Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, zərərvericilərə rayonun əksər kəndlərində yerləşən taxıl sahələrində rast gəlinir. Bu səbəbdən zərərin qeydə alındığı təsərrüfatlarda təcili tədbirlərin görülməsi, sahələrdə pestisidlər vasitəsilə qabaqlayıcı mübarizə aparılması tövsiyə olunur.
Qurumdan o da qeyd edilib ki, dövlət tərəfindən yalnız gəmiricilərə qarşı dərman təminatı nəzərdə tutulur. Digər zərərvericilərlə mübarizə tədbirləri isə torpaq sahiblərinin öz vəsaiti hesabına aparılmalıdır.
Fermerlər xəbərdarlıq edirlər ki, vaxtında müdaxilə olunmasa, kütləvi zərərverici yayılması Cəlilabad üzrə taxıl istehsalına ciddi zərbə vura bilər.

