ŞUŞA, 15 aprel. TELEQRAF

Latviya Azərbaycan mallarının Avropa bazarına çıxışı üçün logistika və e-ticarət baxımından əsas mərkəz rolunu oynamağa hazır olduğunu bəyan edib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bunu Latviyanın kənd təsərrüfatı naziri Armands Krauzen Azərbaycan–Latviya Hökumətlərarası Komissiyasının 9-cu iclasında çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir və bu əməkdaşlıq müxtəlif sahələr üzrə genişlənməkdədir. O, iclasın Şuşa şəhərində keçirilməsinin xüsusi rəmzi əhəmiyyət daşıdığını vurğulayıb.

Krauzenin sözlərinə görə, Latviya Azərbaycanın Avropaya çıxışında mühüm logistika qovşağına çevrilə bilər. O bildirib ki, nəqliyyat sektoru iqtisadi əməkdaşlıqla konkret biznes fəaliyyəti arasında əsas əlaqələndirici rol oynayır.

Nazir kənd təsərrüfatı və meşəçilik sahələrində əməkdaşlıq üçün geniş potensialın mövcud olduğunu qeyd edib. Latviyanın qida təhlükəsizliyinə nəzarət sisteminin Azərbaycan tərəfindən tanınması isə aqrar-qida sahəsində əməkdaşlığın inkişafı üçün mühüm zəmin kimi qiymətləndirilib.

Bununla yanaşı, o, iş adamları arasında əlaqələrin gücləndirilməsi məqsədilə Latviya–Azərbaycan Biznes Əməkdaşlıq Şurasının yaradılmasını təklif edib. Nazir vurğulayıb ki, şəffaf və proqnozlaşdırıla bilən biznes mühiti iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında əsas prioritet olaraq qalır.

Qeyd edək ki, bu təşəbbüsün reallaşması Azərbaycan məhsullarının Avropa bazarına çıxışını asanlaşdıra və ikitərəfli ticarət dövriyyəsinin artmasına təkan verə bilər.

Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Departamentinin direktoru Məmməd Talıbov bildirib ki, Azərbaycan-Latviya münasibətləri strateji tərəfdaşlıq səviyyəsində uğurla inkişaf edir: "2017-ci ildə imzalanmış Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir və əlaqələrin daha yüksək səviyyəyə yüksəlməsinə təkan verib. Son dövrlərdə Azərbaycan və Latviya arasında təmaslar daha da intensivləşib.

2023-cü ildə ölkə rəhbərləri Dünya İqtisadi Forumu çərçivəsində görüş keçiriblər, 2024-cü ilin mart ayında isə telefon danışığı baş tutub. Xarici işlər nazirləri Münhen Təhlükəsizlik Konfransı çərçivəsində müzakirələr aparıb, il ərzində iki dəfə telefon əlaqəsi saxlayıblar. Bundan əlavə, 2023-cü ilin sentyabrında Bakıda ilk strateji dialoq, 2024-cü ilin fevralında isə Riqada ilk konsulluq məsləhətləşmələri keçirilib".

Məmməd Talıbov həmçinin bildirib ki, aprelin 22–23-də Latviya Prezidentinin Azərbaycana səfəri gözlənilir. Bu səfərin ikitərəfli münasibətlərdə yeni mərhələ açacağına ümid edilir. İyun ayında isə Riqada strateji dialoqun növbəti raundunun keçirilməsi planlaşdırılır.

Rəsmi Bakı və Riqa qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirirlər və münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyi gözlənilir.