BAKI, 16 aprel. TELEQRAF
"80 il əvvəl qaliblər tərəfindən qurulan beynəlxalq sistem bu gün böyük bir legitimlik böhranı ilə üzləşir".
Teleqraf xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Parlamentlərarası Birliyin 152-ci Baş Assambleyasında çıxışənda bildirib.
Onun sözlərinə görə, sistemin təməlini təşkil edən dəyərlər, prinsiplər, qaydalar və adətlər qlobal miqyasda öz mənasını və etibarlılığını itirmək üzrədir.
"Təəssüf ki, beynəlxalq hüququn məcburi müddəaları hər gün yeni müharibə cinayətləri və insanlığa qarşı cinayətlər əlavə edən aktyorlara qarşı təsirini itirib. Sağlam düşüncənin dayandırıldığı, dialoq mexanizmlərinin sıradan çıxarıldığı, diplomatiya və danışıqların silah, raket və bombalarla əvəz olunduğu belə bir mühitdə heç kim təhlükəsiz deyil. Bunu çox aydın və birmənalı şəkildə bildirmək istəyirəm: Türkiyə olaraq, humanitar dəyərlər üzərində qurulan xarici siyasətimizin prioriteti, harada yerləşməsindən asılı olmayaraq, münaqişələrin sülh yolu ilə həllidir. Aydındır ki, region ölkələrinin əsas aktyorlar olmadığı heç bir tənlik sülh və təhlükəsizliyin təmin edilməsinə cavab verə bilməz" - deyə, Ərdoğan qeyd edib.
Onun sözlərinə görə, Türkiyənin Qəzza, Ukrayna, İran, Afrika və bir çox digər bölgələrdəki sülh təşəbbüsləri prinsipial və real yanaşmadır: "Əlbəttə ki, millətlərin iradəsinin təzahür etdiyi təsisatlar kimi parlamentlərin də bu baxımdan son dərəcə vacib vəzifələri var. Beynəlxalq ictimaiyyət Yaxın Şərqdəki faciələrin qarşısını almaq üçün iradə göstərsə də, hökumətlərin bu baxımdan çox geridə qaldığının şahidi oluruq. Son iki ayda hamımızın şahidi olduğumuz hadisələr bunlardır. Dünyanın diqqəti İrandakı müharibəyə yönəlsə də, İsrail hökumətinin hücumları nəticəsində Fələstin və Livanda minlərlə insan həyatını itirib. Eyni hücumlar nəticəsində bir milyondan çox insan didərgin düşüb. Ölənlərin və didərgin düşənlərin sayı gündən-günə artır. Öz xalqı, Fələstin və bölgəmiz üçün sülh və əmin-amanlığa ən böyük maneə olan İsrail hökuməti beynəlxalq ictimaiyyətin bütün səylərinə baxmayaraq, dayanmadan fəaliyyətini davam etdirir. Hesab edirəm ki, bu barədə ətraflı düşünməliyik".
Türkiyə Prezidenti qeyd edib ki, eyni qanunsuzluq və qaydalara məhəl qoymamaq Fələstində də davam edir: "12 oktyabr 2025-ci ildə atəşkəs imzalandığı vaxtdan bəri İsrail qüvvələri 755 fələstinlini öldürüb, 2100 nəfəri yaralayıb. 7 oktyabr 2023-cü ildən bəri 73.000 fələstinli həyatını itirib, Qəzzada yaralananların sayı isə 172.000-i keçib. Mən bütün parlament üzvlərini Fələstində ədalətli və davamlı sülhün yeganə formulu olan iki dövlətli həllin tez bir zamanda həyata keçirilməsini təmin etmək üçün səylərini birləşdirməyə çağırıram. Bərabər tərəfdaşlıq prinsipi ilə formalaşan Afrika siyasətimiz dost və qardaş Afrika ölkələrimizin dəstəyi ilə hər gün daha da güclənir".