ŞƏMKİR, 27 yanvar. TELEQRAF

Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində oğlu tərəfindən öldürüldüyü ehtimal olunan 1970-ci il təvəllüdlü Arif Nəbiyevin qətlə yetirilməsi ilə bağlı yeni təfərrüatlar məlum olub.

A.Nəbiyevin qardaşı Elbrus Nəbiyev Teleqraf-ın Qərb bürosuna bildirib ki, hadisəni törətməkdə təqsirli bilinən oğlu Dmitri Nəbiyev onu yatdığı zaman balta ilə vurub.

"Mən Rusiyada idim, xəbəri eşidib gəldim. Arif iki gün axtarılırdı. Vurulduğu bilinmirdi. Axtarış başlanan günün sabahı tapıldı. Vuran adam rus qadından olan öz oğludur. Rusiyaya qaçıb, hazırda axtarışdadır. Elə bir problemləri olmayıb. Amma son vaxtlar uşaq Rusiyaya getmək istəyirmiş. Atasını yatdığı yerdə baş nahiyəsindən balta ilə vurub, sonra selofanlayıb tullayıb. Qaçmağına Dima adlı böyük qardaşı kömək edib. Bilinmir o da cinayətdə iştirakçı olub, ya yox. Amma o, Rusiyadan Gəncə Hava Limanına düşüb. Sonra gəlib Dmitrini aparıb. Deyəsən, Moskvaya birbaşa bilet olmayıb. İstanbula, oradan isə Moskva şəhərinə uçublar".

Onu qeyd edək ki, Dima Arif Nəbiyevin böyük oğludur və təxminən 22-23 yaşındadır.

Hadisə ilə bağlı A.Nəbiyevin qonşusu Məmməd Məmmədov isə bildirib ki, Dmitri Zəyəm Cırdaxan kənd məktəbində səkkizinci sinfə gedirmiş:

"Eşitdiyimə görə, qardaşı oğlu Rusiyaya gedəndə Dmitri deyib, mən də onlarla gedim. Atası da deyib, səni özüm aparacam. Uşaq burada məktəbə gedirdi, yaşıdları ilə münasibətləri yaxşı idi. Arif övladına çox yaxşı baxırdı. Bütün ehtiyaclarını qarşılayırdı".

Məlumat üçün qeyd edək ki, 56 yaşlı A. Nəbiyevin meyiti yaşadığı evin yaxınlığından dərədən tapılıb.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.

***

22:01

ŞƏMKİR, 26 yanvar. TELEQRAF

Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində meyiti dərədən tapılan 1970-ci il təvəllüdlü Arif Nəbiyevin ölümünün bəzi təfərrüatı məlum olub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, qətl hadisəsinin A.Nəbiyevin yeniyetmə oğlu tərəfindən törədildiyi ehtimal olunur.

İlkin məlumata görə, A.Nəbiyev ötən ilin iyulunda Zəyəm Cırdaxan kəndinə gəlib və burada yaşamağa başlayıb. Təxminən 4-5 gün öncə onun itkin düşməsi xəbəri yayılıb. Bu gün isə meyiti tapılıb.

56 yaşlı kişinin Rusiyada dünyaya gələn və onunla birlikdə Azərbaycana qayıdan oğlu tərəfindən törədildiyi qeyd olunur.

Yeniyetmənin barəsində axtarış elan olunub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.

***

11:01

Şəmkir rayonunun Zəyəm Cırdaxan kənd sakini, 1970-ci il təvəllüdlü Arif Nəbiyevin dərədən meyiti tapılıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 56 yaşlı kişinin meyiti yaşadığı evin yaxınlığındakı dərədə aşkarlanıb.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.